“Quba Rayon Məhkəməsində zorakılıq faktı ilə üzləşən Nuray Bayramzadə təhsildən yayınıb”.
Bunu Teleqraf.com-a açıqlamasında Ombudsmanın Aparat rəhbəri Aydın Səfixanlı deyib.
Aparat rəhbərinin sözlərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, 10 yaşlı Nuray Bayramzadə bu il sentyabrın 15-dən dekabrın 7-dək təhsildən yayınıb: “Bu müddət ərzində Nurayın təhsil aldığı Quba rayon Alekseyevka kənd məktəbinə müxtəlif vaxtlarda tibbi arayışlar verilib. Bu il yanvar ayından isə təhsil aldığı məktəb dəyişdirilib. O, hazırda Quba rayon 4 saylı orta məktəbdə gedir və dərslərdə iştirak edir.
Məktəblə danışılıb, Nurayın dərslərdən yayınması halları baş versə, bu barədə bizə məlumat çatdırılacaq. Ombudsman Aparatı Nurayın hüquqları təmin olunması və təhsil məsələsini diqqətdə saxlayır”.
Aydın Səfixanlı qeyd edib ki, Nuray məsələsinin sosial şəbəkələrdə müzakirə olunması düzgün deyil: “Fikrimcə, bu məsələ sosial şəbəkələrdə müzakirə edildikcə, ona psixoloji təsir edəcək. Qeyd edim ki, Ədliyyə Nazirliyi tərəfindən məhkəmədə baş verən hadisələrlə bağlı tədqiqat aparılır. Nəticə ilə bağlı Ombudsman Aparatına məlumat veriləcək”.
İlhamə ƏBÜLFƏT