“Ötən ilin dekabrın 29-da Ermənistan silahlı qüvvələri vəziyyəti gərginləşdirmək, danışıqlar prosesini pozmaq məqsədilə Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat törədib. Ermənistanın bu təxribatı nəticəsində itkin düşmüş Azərbaycan silahlı qüvvələrinin hərbçisinin cəsədini Ermənistan tərəfi beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, hələ də qaytarmaqdan imtina edir. Xarici İşlər Nazirliyi Ermənistanın bu təxribatı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, cəsədin geri alınması üçün zəruri və təxirəsalınmaz tədbirləri davam etdirir”. Teleqraf.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair yaydığı mətbuat buraxılışında öz əksini tapıb.
Qeyd olunur ki, Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üzrə fəal işlər davam etdirilib: “Hesabat ili ərzində Xocalı soyqırımı ilə bağlı ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası qətnamə qəbul edib, həmçinin ABŞ-ın Nebraska, Havay, Montana və Aydaho ştatlarının qubernatorları və Viskonsin ştatının Miluoki dairəsinin başçısı müvafiq bəyanatlarla çıxış edib”.
Bildirilir ki, 2016-cı il ərzində ölkənin ictimai həyatında baş vermiş əsas hadisələrdən biri Prezident İlham Əliyevin sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi haqqında referendum aktının layihəsi ilə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinin keçirilməsi olub. Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə Seçki Məcəlləsinə uyğun olaraq diplomatik nümayəndəliklər və konsulluqlarda seçki məntəqələri yaradılıb.
Demokratiya və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan səmərəli əməkdaşlıqla yanaşı hesabat ili ərzində tolerantlıq, eləcə də mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verilib.
25-27 apreldə Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edib. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla 147 ölkədən 4 mindən artıq iştirakçı qatılıb. Forumda müzakirə olunan mövzularda inklüziv cəmiyyətlərin dayanıqlı inkişafı və təşviqini ehtiva edən 2030 İnkişaf Gündəliyində duran məsələlər geniş əhatə olunub.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə yanaşı 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, Formula 1 Avropa Qran Pri yarışı, 17 yaşadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi, V Beynəlxalq Humanitar Forumu, Dünya Xəbər Agentliklərinin V Konqresi, “ADEX 2016” Beynəlxalq müdafiə sərgisi və digər irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda uğurla keçirilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun, geniş imkan və bacarıqlarının bariz nümunəsidir.
Eyni zamanda, 2016-cı il ərzində Azərbaycanın Qoşulmama Hərəkatının sədrlik troykasına daxil olması, BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı Baş Konfransının sədri vəzifəsinə, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası, Ümumdünya Poçt İttifaqının İnzibati Şurası, Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın İcraiyyə Şurasına üzv seçilməsi ölkəmizin əldə etdiyi nailiyyətlərinin beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür”.
Səxavət