7 Fevral 2017 15:47
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditasiya olunmuş bir qrup xarici kütləvi informasiya vasitəsi nümayəndələrinin cəbhə Cocuq Mərcanlı kəndinə səfəri ilə bağlı açıqlama yayıb.

XİN-dən Teleqraf.com-a daxil olan açıqlamada bildirilir: “Yanvarın 30-da ölkə prezidentinin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında verdiyi tapşırıqlara uyğun olaraq, fevralın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizdə akkreditasiya olunmuş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Səfərdə “Reuters”, “Associated Press”, “Anadolu” və “İhlas” agentlikləri, TRT, İran Radio və Televiziya Təşkilatı, Eurasianet, Ria-Novosti, Sputnik, İnterfaks Azərbaycan, Efe və digər media qurumlarının nümayəndələri iştirak edir.

Səfər zamanı kütləvi informasiya vasitələri nümayəndələrinə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və yerli icra strukturları nümayəndələri tərəfindən yerində ətraflı məlumat təqdim olunub və jurnalistləri maraqlandıran suallara cavab verilib. Həmçinin, KİV nümayəndələri Ermənistanın işğalı nəticəsində Cocuq Mərcanlı kəndinin tamamilə dağıdılması və viran edilməsinin şahidi olublar”.

XİN bildirir ki, KİV nümayəndələri 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Eyni zamanda bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşüblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər