7 Fevral 2017 18:23
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev özünəməxsus orijinal üsluba malik sənətkar kimi çoxəsrlik milli mədəniyyət salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan ayrı-ayrı janrlardakı rəngarəng əsərləri insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və nailiyyətlərinin təbliği sahəsində mühüm xidmətlər göstərmiş görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Tofiq Quliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, xalq artisti, professor Cövdət Hacıyevin (Əhməd Cövdət İsmayıl oğlu Hacıyevin) anadan olmasının 100 illiyi tamam olur.

Milli simfonizmin banilərindən biri Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnmişdir. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan milli bəstəkarlıq sənətinin inkişafı naminə mühüm xidmətlər göstərmiş xalq artisti Cövdət Hacıyevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“2017-ci ildə Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.

Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir.

Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.


Müəllif: