9 Fevral 2017 10:52
5 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixoloq Təhminə Yaqubova Teleqraf.com-un suallarını cavablandırıb.

-Təhminə xanım, öncə bu suala cavab verin: psixoloq kimdir?

-Psixoloq insanlarla söhbətdə özünəinamı ortaya çıxaran, keçmişdəki travmaları aradan qaldırmaqda yardımçı olan, seçim qarşısında qalmış adama yolu göstərib gedəcəyi nöqtəni izahlayan mütəxəssisdir. Yəni psixoloq supermən deyil. Sadəcə, o, bəzən çətinə düşmüş insanlar üçün yolgöstərən eynək rolunu oynayır.

-Bəs kimlər psixoloqa müraciət edir və ya etməlidir?

-Psixoloqa müəyyən situasiyalarda çətinlik çəkən – depressiyaya uğrayan, boşanmaq həddinə çatan, xəyanətlə üzləşən, panik-atak problemi olan, müəyyən somatik xəstəlik keçirən, daim gərginlik yaşayan insanlar müraciət edə bilərlər. Onu da deyim ki, bu məsələdə yaş həddi yoxdur. Böyüklər kimi, uşaqları da psixoloqa gətirmək və ya yönləndirmək gərəkdir. Təsadüfi deyil ki, son zamanlar uşaq psixologiya mərkəzləri çoxalıb.

-Somatik xəstəliklər dediniz. Hansı somatik xəstəliklərdən söhbət gedir?

-Ən bəsitini göstərsək, məsələn, zob. İnsanda sinir sistemi oyanır, bəzən özü də bilmədən aqressivləşir. Bu zaman müvafiq sahənin həkimiylə yanaşı xəstənin psixoloqa da ehtiyacı əmələ gəlir. Yaxud zahı qadınlar. Doğuşdan sonra bəzi qadınlarda depressiya yaranır, hərdən bu vəziyyət bir ildən çox çəkir. Uşağına yaxın durmayan, lap intihar etmək istəyənlər də olur. Psixoloq yardımı bu məqamda yaxşı effekt verir.

-İntihardan söz düşmüşkən. Bu bəlanın səbəbləri barədə sizin fərqli versiyanız varmı?

-Xarakterik bir şeyi deyim. Bir hadisə haqda çox danışılırsa, artmağa başlayır. İstər intihar olsun, istər qətl hadisələri. Gənclərin intiharlarına gəldikdə, valideyn və müəllimlərin bu sahədə məsuliyyəti, zənnimcə, böyükdür. Uşağı nəyəsə məcbur eləmək, onu seçim imkanlarından məhrum qoymaq özünəqəsd hallarını çoxaldır. Valideyn övladını 5 fənn üzrə müəllim yanına göndərir, amma psixoloqa aparmır. Xüsusən, imtahan dövründə uşaqlarda stersslər güclənir və intihar riski artır.

İntihar müxtəlif dövrlərdə aktuallaşır, Azərbaycan hazırda belə bir mərhələdədir. Çoxları bunun səbəbini maddi durumda axtarır. Məncə, elə deyil. Günahı hadisələrdə axtarmayaq, günah biz insanlardadır...

-Sizə əsasən hansı problemlərlə üz tuturlar?

-Hamiləlikdən sonrakı depressiya, panik-atak, fobiyalar, aksessiyalar, konversion pozuntular tez-tez rast gəlinən problemlərdir. Daha bir problem xroniki yorğunluq sindromudur. Ailə stresslərini də bu sıraya qoşmaq olar. “Ailə dramları” uşaqlara daha pis təsir göstərir.

-Psixoloq yanına könüllümü gəlirlər?

-Məncə, psixoloqa dəli həkimi kimi yanaşmaq vərdişi aradan qalxır. İndi hamı düzəlmək istəyir, hamının danışmaq ehtiyacı var. Psixoloji yardım arzulayanları 3 qrupa bölərdim: Biri gəlir ki, mən danışım, sən qulaq as; o biri deyir, ikimiz də danışaq; üçüncünün fikri bu olur ki, sən danış, mən susum və düzəlim.

-Hansı qrupa psixoloji yardım daha asandır?

-Qarşılıqlı ünsiyyəti istəyən ikinci qrupdakılar daha asan düzələn insanlardır. Bu halda irəliləyiş tez baş verir, seans müddəti azalır.

-Psixolqun insana yardımı nədən ibarətdir?

-Tibbdə CBT adlı bir termin var, azərbaycanca açımı Koqnitiv-Bihevioral Terapiya adlanır. Onun da üsulları müxtəlifdir. Yəni həkim söhbət əsnasında pasiyentin daxili aləminə təmas edir, terapiyanın müxtəlif üsullarının tətbiqinə başlayır. Qorxunun üzərinə getmək vasitəsi və ya davranışın qiymətləndirilməsi metodu var, daha çox uşaqlarla aparırıq.

Duyğularla işləyirik, müxtəlif variantları təklif edib pasiyenti nəticə haqda məlumatlandırırıq. Mənfi və müsbət xüsusiyyətləri araşdırırıq. Ev tapşırıqları veririk. CBT mütləq ev tapşırıqları ilə müşayiət olunur.

CBT cinsi problemlərlə də işləyir. Nəzərə alaq ki, son zamanlar belə problemlərin sayı artıb. Hazırda psixologiyanın ana bazasını CBT təşkil edir.

-Pasiyent bir neçə dəfə gəlib-gedir...

-Bəli, gəlib-gedir. Psixoloqlar terapiyada, adətən, 8-10 seans verirlər. Mən 6 seansla kifayətlənirəm. Bizim psixoloqların əksəri bir problem üzərində daha artıq işləyirlər: Necə edim ki, seans çox olsun... Mənim belə prinsipim yoxdur.

-Qəbula gələnlərin probleminin axırına çıxmaq olur, yoxsa insanda həmişə örtülü nəsə qalır?

-Çıxmaq olur. Qəbula gələnə ilk sualım belədir: Problemin nədir, bu problem səni nə dərəcədə narahat edir və sən nə qədər ondan xilas gözləyirsən? Sonra qrafik tərtib olunur. Ən sonuncu yoxlama seansıdır, söhbətləşirik, müqayisə aparırıq, test edirik. Tematik audit testləri var, pasiyent onun üzərində işləyir. Şəkillərə baxaraq öz nağılını qurur, əslində şüuraltısını ifadə eləyir. Fərqi duyur və əmin olur.

-Siz bunları haradan öyrəndiz?

-Bakı Qızlar Universitetinin psixologiya fakültəsini bitirmişəm. Universitetdən razılıq eləsəm, inanın. Heç bir ali məktəb öz psixoloqlarını xaricə psixologiya mərkəzlərinə göndərmir. Bu mənada şanslıyam, 10-dan çox kursa getmişəm. Xaricdən gələn mütəxəssislərin kurslarına qatılmışam. Mən həm də qrafoloqlam. İnsanın əlyazmasına görə onun xarakterini müəyyən edə bilirəm.

-Əlyazısıyla?.. Yəni bunun elmi tərəfləri var?

-Əlbəttə, hər hərfin yazılma qaydası insanın sinir sistemiylə bağlıdır. Əslində, insan xətti onun hər şeyini ifadə eləyir.

-Mənim xəttimə baxsanız, ordan gizlin şeyləri oxuya biləcəksiz?

-Hə.

HAŞİYƏ. İllər uzunu dəfələrlə müsahibə almış jurnalist olaraq qabaqcadan suallar hazırlamaq kimi daim riayət etdiyim vərdişim olmayıb, hərdən-birdən, hətta deyərdim, nadir hallarda bu üsula əl atmışam. Ancaq bu dəfə xeyli sual yazmışdım, ona görə əlyazmamı həmsöhbətimə uzatdım: “Alın, oxuyun”. Bu müsahibənin kuliminasiya nöqtəsi buydu. Təhminə xanım 90 faiz düz dedi.

Sonra həmsöhbətim sözünə davam elədi:

-Mən sosial şəbəkədə də, bloqumda da yazmışam. İnsanların bir şeyi bilmələrini istəyirəm: Psixoloq falçı deyil. Bunu kim ortaya atıb, bilmirəm. Bəzən mənə müraciət edirlər ki, şəklimə baxıb haqqımda nə deyə bilərsiz? Mən şəklə baxıb nə deyə bilərəm axı?

Kimsə gəlirsə, söhbət ediriksə, bu, başqa məsələ. Davranışlardan, söhbətdən çox şey bilmək olur. İlk dəfə bu otağa girmiş adam mənə deyir: “Təhminə xanım, siz lap uşağa oxşayırsız”. Amma ilk təmasda mən onun bütün problemlərini aşkara çıxarıram...

Bir dəfə tələbə vaxtı bir nəfər mənə yaxınlaşıb sual verdi: “Deyə bilərsiz, bu gün mən nə yemişəm?” Dəhşətə gəldim, psixoloqa da belə sual vermək olar?..

-Amma siz mənim xəttimə baxıb daha dərin şeylər dediz. Bunları hamısnı əlyazısından oxumaq inandırıcı deyil.

-Oradan oxudum. Əlyazısında 60-a yaxın informasiya oxuya bilirəm. Mənim insan tanımaq bacarığım da var, ona görə bəzən həyat mənə çətin olur.

-Bu yaxınlarda psixoloq Dəyanət Rzayev intihar elədi...

-İntihar günahdır, günah deyil – mən hökm verməyi düşünmürəm. Ancaq bir şeyi deyə bilərəm. Çənə xərçəngindən əziyyət çəkən Ziqmund Freyd kimi dahi psixoloq da dostundan iynə vurub onu öldürməyi xahiş edibsə, psixoloq özünü öldürə bilməz deməməliyik. Hər insanın problemi var, psixoloqun problemi isə daha çoxdur – müxtəlif adamları dinləyib müalicə edir. Yanma sindromu deyilən bir sindrom var, xroniki yorğunluq kimi bir şeydir. İnsan başqasının da problemini öz üzərinə götürür və yanır.

Sevdiyim bir sözü də demək istəyirəm: Bir insana bir psixoloq lazımdır, bir psixoloqa iki psixoloq. Dəyanət Rzayevi qınamağın tərəfdarı deyiləm.

-Təhminə xanım, cinslərarası problemlərdən də danışaq. Hesab edirsizmi ki, bir kişi-bir qadın modeli tərəflərə kifayət edir?

-Bir maraqlı fikir oxumuşdum. Tutalım, yeniyetmə yaşına qədəm qoymuş bir qızın beynində qarşı cinslə bağlı 10 punktdan ibarət bir model cızılır: 1.80 boyu olsun, yaşıl gözləri olsun, hündürboy olsun, mütaliəlli olsun, varlı olsun və sair. O qızın qarşısına çıxan oğlanda 6-sı var, 4-ü yoxdu, amma qızın artıq necə deyərlər, düşüncəsində o oğlan radara düşdü.

Bir az sonra başqa birisiylə rastlaşanda onda 8 punktun şərtləri tapılırsa avtomatik xəyanət baş verir. Yəni xəyanət təsadüfən olmur. “Ən ağır vaxtımda bu insan yanımda oldu, dəstək verdi” deyə meyl yaranır. Azərbaycanda rastlaşmamışam, amma xaricdə pasiyent bəzən psixoloqa məhz bu yanaşmadan vurulur – ən ağır vaxtımda mənə dəstək oldu deyə...

Həmişə pasiyentlərə də deyirəm. Beyninizdə model quranda təkcə hisslərə əsaslanmayın, məntiqə də müraciət edin.

-Bəzən sədaqət tələbləri də qadın və ya kişini gərginlikdə saxlayır. Hərçənd sədaqət özü ali dəyərdir.

-İnsanlar müxtəlifdir, onların tələbat və istəkləri də fərqlidir. Seçim zamanı bu kriteriyalara fikir vermək lazımdır. İnsan münasibətlərində bir qayda da var. Birini özünə möhkəm bağlamaq istəyərsən, bir gün o, zənciri qırıb qaçar. Halbuki elə münasibət qurmalısan ki, o, zəncirsiz də sənə bağlı qalsın. Sədaqət əbədi bir şey deyil. İnsanları olduğu kimi qəbul etməyə öyrənməliyik. Amma biz... Biz birini olduğu kimi sevirik, istədiyimiz kimi dəyişməyə çalışırıq.

-Bəzən deyirlər, sevgi xəstəlikdir.

-Xəstə kimi sevənçün hə... Sevgi dırmandır, ancaq dərmanın da çoxu zəhərdir.

-Savad, bilik, informasiya insan psixologiyasına necə təsir edir?

-İntellektin belə bir pis cəhəti var – daim insanı şübhələnməyə vadar edir. Dost seçəndə, sevgili arayanda, dərman gəzəndə, münasibət quranda... Onun bilikləri həmişə şübhə yaradır. Bir də liderliyə can atar. Çox bilən adam həm də tənha adamdır.

-Pasiyentlərinizin arasında şair, jurnalist olub?

-Yadıma düşdü. Biri vardı. Qəbula gələndən sonra şeir yazmağa başladı.

-İndi sağ-salamatdır?..

-Narahat olmayın (gülür). Universitetdə oxuyur, bu yaxınlarda imtahanları uğurla verdi...

Qurban Yaquboğlu


Müəllif: