“Azərbaycanda şagirdlərin məktəbdən yayınması halları ayrı-ayrı faktlar kimi mövcud olsa da, kütləvi xarakterdə deyil”.
Bu barədə Təhsil Nazirliyindən Teleqraf.com-un sorğusuna cavabda qeyd edilib.
Nazirlikdən bildirilib ki, son statistik məlumatlara görə, ölkə üzrə məktəbdən yayınma halları 0,3 faiz (4602 nəfər) təşkil edib: “ Uşaqların icbari ümumi orta təhsillə əhatəsi bilavasitə yerli icra hakimiyyətlərinin, eləcə də Təhsil Nazirliyinin daim diqqət mərkəzindədir. Yerli təhsili idarəetmə orqanları bu məsələ ilə müntəzəm məşğul olur, nəzarət funksiyasını yerinə yetirirlər.
Rayon (şəhər) İcra Hakimiyyəti başçılarının yanındakı Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, icra nümayəndəlikləri, bələdiyyələr, hüquq mühafizə orqanları öz səlahiyyətləri çərçivəsində icbari təhsilin təmin olunmasına müvafiq köməklik göstərirlər.
Bunlarla yanaşı, valideynlər arasında da davamlı maarifləndirmə tədbirləri təşkil olunur”.
Sorğuda qeyd edilib ki, uşaqların təhsillə əhatəsini daha da yaxşılaşdırmaq məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər üçün “Fərdi təhsilin təşkili haqqında Qaydalar” hazırlanıb təsdiq edilmişdir. Bu qəbildən olan şəxslər yaşadıqları ərazidə fərdi təhsilə cəlb oluna bilirlər.
İlhamə ƏBÜLFƏT