Prezident İlham Əliyev fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Olduqca mütərəqqi mahiyyət daşıyan, cəza siyasətinin humanistləşdirilməsini özündə ehtiva edən, azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə təkrar adaptasiyasına xidmət edən sərəncam bütün cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Prezident İlham Əliyevin imzaladığı bu sərəncamla Azərbaycan dövləti onun adından çıxarılan hökm və qətnamələrin qisasçılığa deyil, məhkum edilmiş şəxslərin islah olunmasına xidmət etdiyini bir daha aydın şəkildə nümayiş etdirib.
Sərəncamla Ədliyyə Nazirliyi yanında Probasiya xidməti yaradılır ki, bu da Azərbaycanda son illərdə dövlət idarəçiliyi sahəsində aparılan struktur islahatlarının, eyni zamanda hüquqi islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, çox geniş, dərin məzmunlu və əhatəli olan sərəncam təkcə bu və ya digər cinayət hallarına görə məhkum edilmiş şəxslərin və onların yaxınlarının deyil, hər bir Azərbaycan vətəndaşının yalnız və yalnız təqdirini qazanmağa layiqdir.
Sərəncamla bağlı fikirlərini Teleqraf.com-un əməkdaşı ilə bölüşən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Sahib Məmmədov bildirib ki, ümumiyyətlə, sərəncam xeyli məsələləri əhatə edir. Onun sözlərinə görə, o cümlədən sərəncamda cəza siyasətinin daha da humanistləşdirilməsi, təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələlər öz əksini tapıb: “Qanunvericiliklə bağlı ciddi dəyişikliklər baş verəcək. Eyni zamanda cəza siyasətinin idarə olunması ilə bağlı ciddi dəyişikliklər nəzərdə tutulub”.
S.Məmmədiov qeyd edib ki, sərəncamdakı müddəaları bu cür qruplaşdırmaq mümkündür: “İlk növbədə alternativ cəza növlətinin tətbiqi məsələsidir. Elə cinayətlər var ki, onlar üzrə əsasən azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Amma indi Probasiya xidmətinin yaradılması nəzərdə tutulur. Bu çərçivədə müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzasının alternativ cəzalarla əvəz olunması və belə cəza almış şəxslərin islah olunması, yaxud nəzarət altında saxlanılması mexanizmlərinin yaradılması nəzərdə tutulub. Bunlar Probasiya xidmətinin yaranması və buna uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklərlə həyata keçiriləcək. Sərəncamın bir bloku bundan ibarətdir”.
İkinci blokun Cinayət Məcəlləsinin bəzi maddələrinin dekriminallaşdırılması olduğunu vurğulayan S.Məmmədov əvvəllər cinayət hesab olunan əməllərin indi inzibati xəta hesab ediləcəyini və buna müvafiq olaraq ya pul cəriməsinin, ya inzibati həbsin, ya da başqa bir inzibati cəzanın tətbiq olunacağını qeyd edib.
İslah işləri növündə cəzanın da alternativ cəza olduğunu deyən hüquq müdafiəçisi bildirib ki, bu cəza qanunvericilikdə olsa da, onun tətbiqində problemlər var: “Yəni, cəza təyin olunur, amma ictimai işlərə cəlb olunma mexanizmləri təkmil deyil. Sərəncamda göstərilir ki, bununla bağlı işlər təkmilləşdirilsin. Bundan əlavə məntəqə tipli cəzaçəkmə müəssisələri var ki, bunun da mexanizmləri yaxşı deyil. Burda korrupsiya halları, qeyri-şəffaf proseslər qeydə alınır. Bu sahədə olan neqativ halların da aradan qaldırılması sərəncamda öz əksini tapıb”.
Uzun illərdir əmək qanunvericiliyi sahəsində fəaliyyət göstərən, eyni zamanda Vətəndaşların Əmək Hüqüqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri olan S.Məmmədovun toxunduğu digər bir məsələ sərəncamda cəzaçəkmə müəssisələrində islah prosesinin ən mühüm elementlərindən olan əməyə cəlbetmə barədə nəzərdə tutulan məsələlərlə bağlı olub: “Bilirsiniz ki, hazırda cəzaçəkmə müəssisələrində əmək məcburi deyil. Amma məşğulluq islah prosesinə müsbət təsir göstərir. Həm də məhkumların çoxu işləmək istəyir. Amma işləmək istəyən məhkumlar üçün iş yerləri çox azdır. Bu da bir sıra mənfi nəticələrə gətirir. Məsələn, deyək ki, məhkum bekar qalır və hansısa zərərli ideologiyaları qəbul etməyə başlayır. Halbuki, o işləsə, bu, islah prosesinə kömək edəcək. Məsələn, mən vaxtından əvvəl şərti azadetmə üzrə komissiyanın üzvüyəm, biz bəzən məhkumu vaxtından əvvəl şərti azad etmək istəyirik. Amma bəlli olur ki, onun cəriməsi, yaxud vurduğu zərərə görə ödənilməli olan borcu var. Bunu da ödəməyəndə onu bir çox hallarda azad etmək mümkün olmur. Əgər həmin şəxs işləyərsə, o işləyə-işləyə cəriməsini, yaxud vurduğu zərəri ödəyə bilər. Biz şahidik ki, işləyən məhkumlar aldıqları az əməkhaqından həm limit çərçivəsində özləri üçün istifadə edirlər, həm də artıq qalan hissəni ailəyə göndərirlər. Yaxud, kimsə hesabında saxlayıb azad edildikdə o pulları hesabından götürə bilər. Yəni, bu, ümumiyyətlə, çox faydalı işdir. Bəzən, məhkumların ailələrinin də sovqat gətirməyə və sair məsələlərə imkanları olmur. Ancaq məhkum işləyib əməkhaqqı aldıqda xeyli problem həll olunur”.
S.Məmmədov onu da qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsində təqsirləndirilən şəxslər barəsində prosesesual məcburiyyət tədbirləri nəzərdə tutulub: “Onların içərisində həbs qəti-imkan tədbiri daha çox tətbiq olunur. Bu məqam Prezidenti narahat edib. Yeri gəlmişkən, bizim üzv olduğumuz beynəlxalq təşkilatlar da bu barədə dəfələrlə öz fikirlərini bildiriblər. Ali Məhkəmə Plenumunun bununla bağlı xüsusi qərarı da var ki, məhkəmələrdə təqdimatlar üzrə bu göstərici bəzən 97 faizə çatır. Yəni, məhkəmələr 97 faiz hallarda prokurorluq orqanlarının verdikləri təqdimatları təmin edirlər. Bu, yaxşı göstərici deyil və Prezidentin də diqqətini cəlb edib. Beləliklə, sərəncamda tövsiyə edilir ki, alternativ prosessual məcburiyyət tədbirlərinə imkan daxilində daha çox üstünlük verilsin. Sərəncamda həm alternativ cəzaları tətbiq etmək, həm də məhkəməyə qədər, yəni, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsləri bir çox hallarda lüzumsuz yerə həbs etməmək üçün müasir texnologiyalardan istifadəyə dair müddəa öz əksini tapıb. Məsələn, elektron bilərziklərin tətbiqi məsələsi. Şəxsin qoluna elektron bilərzik bağlanır və onun harda olması, hara hərəkət etməsi izlənilir. Beləliklə də o, qaçıb aradan çıxa və başqa işlər törədə bilmir. Bu da bəzi Qərb ölkələrində tətbiq olunan metoddur. Prezidentin imzaladığı sərəncamda bu da öz əksini tapıb. Sərəncamda bir sıra başqa məqamlar da var. Ümumilkdə götürdükdə, sərəncamda bütün cəmiyyət üçün çox faydalı, lazımlı məsələlər öz əksini tapıb”.
Səxavət HƏMİD