24 Fevral 2017 14:40
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının qərargahında Xocalı facəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov çıxış edib.

Rufiz Qonaqov Xocalı faciəsinin dəhşətlərindən danışaraq qanlı hadisənin Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxdığını qeyd edib: “25 il öncə Xocalıda dəhşətli anlar yaşadıq, erməni vəhşiliyinin şahidi olduq. Təəssüf ki, bu gün də ermənilərin torpaqlarımıza təcavüzü davam edir. Bütün dünya ictimaiyyəti artıq həqiqətləri bilməkdədir. Bu faciənin bütün dünyaya çatdırılması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev və dövlət çox böyük iş aparır. Heydər Əliyev Fondunun Vitse prezidenti, tanınmış ictimai xadim Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində dövlət qurumları, diaspor təşkilatları əllərindən gələni edirlər. Dünyanın bir sıra ölkələrində, Azərbaycanın bütün bölgələrində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilir. Baxmayaraq ki, bizim Xocalı kimi faciəmiz var, Azərbaycan regionda və bütün dünyada güclü dövlət kimi tanınır. Azərbaycanın regionda lider dövlətə çevrilməsi, BMT kimi mötəbər qurumun Təhlükəsizlik Şurasına rəhbərlik etməsi cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Ölkə başçısı Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycan xalqının səbr limitinin dolduğunu dəfələrlə vurğulayıb. Bildirib ki, biz sonsuza qədər münaqişənin həllini gözləyə bilmərik. Aprel hadisələri xalqımızın qürur mənbəyinə çevrilib. Ali Baş Komandanın əmri ilə 4 gün ərzində 2 min kvadrat kilometrlik ərazini düşmənlərdən azad etdik. Ermənistan prezidentinin Rusiya prezidenti Vladimir Putinə yalvarışlarından sonra cənab Putin Azərbaycan Prezidentinə zəng edib əməliyyatların dayandırlmasını xahiş etdi. Döyüşlər dayandırılmasaydı Azərbaycan ən qısa zamanda bütün işğal olunmuş torpaqları azad edəcəkdi. Bu məsələ bu gün də qüvvədədir. Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çıxışı da göstərdi ki, ölkəmiz status-kvo ilə barışan deyil. Əgər ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticə verməsə, beynəlxalq təşkilatlar Ermənistanı yerində otuzdurmasa, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq torpaqları azad edəcək. Sözsüz ki, bu da hərb yolu ilə mümkün olacaq. Bu gün müdafiə naziri cəbhə bölgəsindədir. Azərbaycan əsgəri ermənilərin hər bir təxribatına layiqli cavab verir”.

Rufiz Qonaqov qeyd edib ki, Azərbaycan bir gün o torpaqlara mütləq qayıdacaq: “ Cənab Prezidentin çox məşhur və tutarlı ifadəsi var. Əgər erməni əsgər ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olsun. Azərbaycan heç kəsin torpağını işğal etməyib, heç bir ölkəyə təcavüz etməyib, əksinə biz təcavüzə məruz qalmışıq. Biz bu faciəni qeyd etməklə Azərbaycan dövlətinin nə qədər güclü olduğunun fərqindəyik. Bütün dünyanın gözü Azərbaycandadır. Ölkəmizə gələn xarici dövlətlərin prezidentləri, nazirləri cənab Prezidentlə görüşə xüsusi əhəmiyyət verirlər. Cənab Prezidentin qeyd etdiyi ki, Azərbaycan heç vaxt bu qədər güclü olmayıb. Azərbaycanın balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasəti uğurla davam edir. Mən inanıram ki, 2017-ci il Azərbaycan üçün çox uğurlu olacaq və biz işğal altındakı torpaqlara mütləq qayıdacağıq. Cənab Prezidentin azad edilmiş Cocuq Mərcanlı kəndinə qayıdışla bağlı məlum sərəncamı bizi qələbəyə daha yaxın edir”.


Müəllif:

Oxşar xəbərlər