Prezident İlham Əliyev Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sənəd əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq məqsədi ilə imzalanıb.
Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında vətəndaşların müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi dövlətin sosial-iqtisadi siyasətinin prioritetlərindəndir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən faydalanması prosesində ən mühüm şərtlərdən biri olmaqla, ölkənin təhsil sisteminin başlıca vəzifəsidir.
Təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində son illərdə ölkədə bir sıra mühüm addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan Respublikasının mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla, təhsilin iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin edib.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün bu sahədə idarəetmə sistemi yenidən qurulub, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanına əsasən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də beynəlxalq təcrübə nəzərə alınmaqla kadr hazırlığının təkmilləşdirilməsi, potensial istedadlı gəncləri aşkarlayaraq cəlb edən, aparıcı sektorları əmək məhsuldarlığı yüksək olan, innovativ işçi qüvvəsi ilə təmin edən və beynəlxalq səviyyədə tanınan rəqabətqabiliyyətli sistemin qurulması əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib.
Sənədə əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək:
ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.
Dövlət İmtahan Mərkəzi bu sərəncamın müvafiq hissəsinə əsasən imtahanlarda iştirak üçün ödənişi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olan abituriyentlərin siyahısını sənəd qəbulu başa çatdıqdan on beş gün müddətində hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyinə bu sərəncamın müvafiq hissəsinə müvafiq qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan siyahı əsasında Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq hesablanmış vəsaitin həmin siyahı təqdim edildikdən sonra on beş gün müddətində Dövlət İmtahan Mərkəzinə ödənilməsini, 2018-ci il və sonrakı illərin dövlət büdcəsinin layihələrində bu sərəncamın müvafiq hissəsinin icrası məqsədi ilə vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.