4 Aprel 2017 10:38
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib.

Teleqraf.com-un məlumatına görə, indiyə qədər məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surəti reyestrə daxil edilən məlumatlar sırasında yer alıb.

Bundan sonra isə məlumatlandırma icraatının tətbiq olunduğu, tikinti obyektlərinin tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin surəti reyestrə daxil ediləcək.

Tikinti Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə münasibətdə 10 gün, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.

“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na edilən dəyişikliyə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə yerli icra hakimiyyəti orqanı Tikinti Məcəlləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Reyestrin internet səhifəsində yerləşdiriləcək. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində yerli icra hakimiyyəti orqanına göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Reyestrə göndərə və ya bilavasitə təqdim edə bilər.

İndiyə qədər tikinti obyektinin istismarına icazə verilməsinə dair qərar qəbul edildiyi gündən yerli icra hakimiyyəti orqanları müvafiq sənədləri 5 iş günü müddətində Reyestrə təqdim edir və 3 iş günü müddətində bu məlumatlar Reyestrin internet səhifəsində yerləşdirilib. Dəyişikliyə əsasən bundan sonra habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra yerli icra hakimiyyəti orqanları müvafiq sənədləri 5 iş günü müddətində Reyestrə təqdim edir və 3 iş günü müddətində bu məlumatlar Reyestrin internet səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, Tikinti Məcəlləsinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.


Müəllif:

Oxşar xəbərlər