Gəncə sakini Həsən Səfərovun qardaşı qızı ilə birlikdə qaçması, dini nikah bağlaması xəbəri ötən gündən müzakirəyə çevrilib.
Teleqraf.com xezerxeber-ə istinadən xəbər verir ki, cəmiyyətdə şok effekti yaradan bu hadisənin tərəfləri ilə biz də əlaqə saxlayıb məsələni aydınlaşdırmağa çalışdıq.
Əvvəlcə, suallarımıza məsələni mətbuata çıxaran Həmidə Səfərova cavab verdi.
O, 2011-ci ildən ailəli olduğunu və həyat yoldaşı ilə qaynı qızını dəfələrlə bir yerdə gördüyünü iddia edir.
"Ailə qurandan bir müddət sonra onların münasibətlərinin olduğunu hiss etdim. Bunu qohumlarına da dedim, amma heç kim inanmadı. Həsənin özünə də dedim, qəbul etmədi, məni hədələdi. Yoldaşım dəfələrlə gedib onunla birlikdə qalıb. Bunu ailəmə də dedim, ancaq onlar da inanmadılar. Hətta o qızın özünə də dedim belə etməsin. O da mənə tərs cavab verdi, əmisinin onun ailəsi olduğunu, alacağını dedi. İndi də İmamzadədə dini nikah bağlayıblar. Kimi onların Şəmkirdə, kimi də Bakıda yaşadıqlarını deyir. Dəqiq harada olduqlarını bilmirəm. İndi mənim bu məsələni efirə çıxarmaqdan başqa yolum qalmadı. Qaynım da məni efirə çıxdığıma görə qınayır".
H.Səfərova iddia edir ki, qaynı qızının ikinci uşağının atası Həsən Səfərovdur: "Qaynım qızının ikinci uşağı xəstə doğulub. Yoldaşı da bundan şübhələnib. Həm də uşaq mənim yoldaşıma oxşayır. Qız evdən gedəndən sonra o uşaqları gətirib qaynımgilə atıb".
H.Səfərova yoldaşının boşanmaq üçün məhkəməyə gəlmədiyini iddia edir.
"Mən üç uşaqla küçədə qalmışam. Məndən boşanandan sonra nə istəyir etsin. Mənim bir istəyim var, məndən rəsmi sürətdə boşansın, sonra kiminlə istəyir ailə qursun. 3 uşağım var, onların alimentini versin. Uşaqlarımı saxlamağa imkanım yoxdur. Hətta bu hadisəni bilsəm də, məhkəmənin bizi barışdıracağını düşündüm. Ailəsi də mənə hər şeyin düzələcəyini dedi, amma bundan sonra heç bir yol qalmayıb. İndi məni ailəm də qəbul etmək istəmir. Onları qınamıram, anam pensiya ilə dolanır, məni, 3 uşağımı necə saxlasın?"
Həmidə Səfərovanın bu iddialarına yoldaşı Həsən Səfərovun münasibətini öyrəndik. O, həyat yoldaşının dediklərini inkar etdi:
"Mən qələt edərəm, qardaşım qızı ilə qaçaram. Onun dedikləri hamısı yalandır. Mən hazırda Şəmkirdə işləyirəm. Düzdür, qardaşım qızının ailəsində problemlər var. İndi o, Bakıda qardaşının evindədir. Onların ailəsindəki problemin səbəbini bilmirəm. Sadəcə, bilirəm ki, mən axırıncı dəfə Gəncədə olanda qardaşım qızı mənə zəng etdi, yoldaşı ilə dalaşdığını dedi. Mən də qardaşım oğluna xəbər verdim. Qızı qardaşına təhvil verdim, onlar Bakıya, mən də Şəmkirə getdim".
H.Səfərovanın nə üçün bu cür iddialar səsləndirməsinə gəldikdə, H.Səfərov əksinə, həyat yoldaşının başqa şəxslərlə münasibətinin olduğunu dedi:
"Biz onunla boşanma ərəfəsindəyik. Məhkəməmiz var. Sadəcə, Həmidə hamilədir, amma o, mənim uşağım deyil. Uşağın doğulmasını gözləyirdik, DNT testi aparılacaq, ondan sonra məhkəmə keçiriləcək. Çünki mən o uşağı qəbul etmirəm. O qadın ötən ilin mart ayında mənim evimdən çıxıb, bir il gedib-gələndən sonra hamilə olduğunu deyir. Onun dediyinə görə, 12 ay hamilə olub. O qadın mənim telefonumu oğurlayıb, bütün nömrələrə zəng edib, bütün dost-tanışımla görüşüb. Mənim ondan ayrılmaq istəməyimin səbəbi də budur. O, özünün damarını kəsib mənim üstümə atdı. İki qızımızı boğub. Uşaqları elə döyür ki, qulaqlarından qan gəlib. Mənə, qardaşıma bir şey olsa, onun üçün pis olacaq. O gəlini heç birimiz istəmirik. Böyük qardaşımın qırxı çıxmamış anamın saçını yoldu. 9 aydır ondan boşanmaq istəyirəm. Bir qızı ki, anası evindən qovur, kafelərdə qalır, o, mənə lazım deyil".
Qardaşı qızının öz qardaşı ilə birlikdə olduğunu iddia edən H.Səfərovdan onların əlaqə nömrəsini istəsək də, o qızın nömrəsini bilmədiyini, qardaşı oğlunun isə telefonunun sındığını dedi.