24 Aprel 2017 14:36
2 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu professor Ədalət Tahirzadənin vasitəsilə tanıdım. İlk dəfə Ədalət bəyin evində Skaypla danışdıq. O zaman çıxan “Fərqlilər” adlı kitabımı poçtla ünvanına göndərdim, o da sağ olsun, “Güneydə Kültür” adlı dərgidə bu barədə yazdı. Ötən ilin iyulunda Ankaraya getdiyim zaman ilk dəfə görüşdük, evinə dəvət etdi, arxivi ilə tanış etdi.

Daha sonra “Mühacirlərin dönüşü” adlı kitabımı yazdığım ərəfədə ondan dəstək istədim. Arxivimdəki fotolardakı şəxslərin kimliklərinin aydınlaşdırılması, sənədlərdə adı keçən mühacirlərlə bağlı detalların dəqiqləşdirilməsində çox mühüm dəstək oldu.

Ötən ay Ankaraya getdiyim zaman ziyarət etdiyim şəxslərdən biri də yenə o oldu. Mühacirətlə bağlı zəngin biliyindən faydalandım, fürsət tapmışkən müsahibə də aldım.

Söhbət Azərbaycan, Krım, İdil-Ural, Türküstan siyasi mühacirətinin Türkiyədə ən tanınmış tədqiqatçılarından biri olan Ömər Özcan bəydən gedir.

Ədalət Tahirzadə onun haqqında yazdığı “Canı öz canımız – ÖMƏR ÖZCANımız” məqaləsində həyatı haqqında bu bilgiləri təqdim edir:

“Ömər Özcan 17 sentyabr 1948-də İsparta Senirkentdə anadan olub. İbtidai və orta məktəbi, sonra da liseyi Aydın Nazilli ilçəsində bitirib. 1966-da girdiyi İstanbul Universiteti ədəbiyyat fakültəsinin tarix bölümünü 1970-də başa vurub. Universitetdə türk tarixinin böyük uzmanlarından professor Zəki Vəlidi Toğanın tələbəsi olub.

1971-də Aydın Bozdoğan Liseyində müəllimliyə başladıqdan sonrakı bütün fəaliyyəti Türkiyə Milli Eğitim Bakanlığı (Milli Təhsil Nazirliyi) sistemiylə bağlıdır. O, 1975-1976 illəri arasında Aydın Koçarlı Liseyində müdir, 1976-1981 illəri arasında Aydın Milli Təhsil Şöbəsində müdir müavini, 1981-1984 illəri arasında Aydın Sənaye Məslək Liseyində tarix müəllimi, 1984-1987 illəri arası yenidən Aydın Milli Təhsil Şöbəsində müdir müavini, 1987-1993 illəri arasında Aydın Milli Təhsil Şöbəsinin müdiri vəzifələrində çalışıb.

1993-də Ömər bəy Milli Təhsil Nazirliyinin Təlim və Tərbiyə Kuruluna rəhbərlərdən biri təyin edilib. 1997-2004 illəri arasında əsas vəzifəsiylə yanaşı, Başbakanlık müşavirliyi də edib. 2004-də əsas vəzifəsinə dönüb, 2013-cü ildə təqaüdə çıxıb. Azərbaycan mövzusu Ömər Özcan yaradıcılığında xüsusi yer tutur. Əlimizin altında onun yalnız Azərbaycanla bağlı 24 məqaləsi var. Unutmayaq ki, bunlar publisist qəzet-jurnal yazıları yox, ciddi elmi araşdırmaların məhsuludur”.
Beləliklə, Teleqraf.com Ömər bəylə müsahibənin birinci hissəsini təqdim edir:

Bu şəxslərin vəfatından sonra...

- Türkiyəyə Azərbaycandan, Türküstandan, İdil-Uraldan və Krımdan müxtəlif dövrlərdə mühacir axını oldu. Bu axınları Siz hansı mərhələlərə ayırardınız?
- Türküstandan Batıya doğru çox böyük köçlər olub. Alparslanın Malazgird savaşını qazanmasından sonra bu köçlər müəyyən bir nöqtəyə çatıb, artıq yeni yurd salınıb. Daha sonra Anadolu-Səlcuqlu və Osmanlı dövlətləri quruldu. Bundan sonra buraya böyük axınların gəldiyini söyləmək çox çətindir. Amma o zamanlar Osmanlının dəvəti ilə Türküstandan elm adamları buraya gələrək çalışıblar. Onlar burada yaşayıb, əsərlər yazıb, burada da vəfat ediblər. 1850-ci illərdə rusların Türküstanı ələ keçirməsindən sonra yavaş-yavaş yenə Osmanlı dövlətinə köç hərəkatının olduğu bilinir. Amma bu, qruplar halında deyil, cədidçilik hərəkatından sonra təhsil üçün Osmanlıya gələnlərdir. Təəssüf ki, əlimizdə dəqiq bəlgələr yoxdur. İstanbuldakı köhnə darulfünun binası yandığı üçün kimlərin buraya gəlmələri, nə üzrə oxumalarına dair çox məlumatlı deyilik. Burada təhsil alıb Türküstana dönənlərin yazdıqları məqalələrdə, kitablarda bəzi qeydlər var. Bununla bağlı hər bölgədən tədqiqatçıların çalışması lazımdır. Necə ki, Ədalət bəy (Tahirzadə - D.Ə) Rusiyada və Avropada oxuyan tələbələrlə bağlı arxivlərdən bəlgələr tapıb, kitab yazıb, eynilə digər xalqların araşdırmaçıları da bunu etməlidirlər. Təəssüf ki, bu sahədə az iş görülür. Ümidimizi kəsməmişik, inşallah, yeni tədqiqatçılar ortaya çıxacaq, gözəl nəticələr əldə ediləcək.

- Biz Türkiyədə Azərbaycan, Krım, Türküstan üzərinə kitablar yazan şəxsləri tək-tək tanıyırıq. Çünki sayları azdır. Bu mövzulara Türkiyədə geniş maraq niyə yoxdur?
- 1923-də Cümhuriyyət qurulduqdan sonra bu mövzularla bağlı tədqiqat aparanların əksəriyyəti o bölgələrdən gələnlərin özləri idilər. Çünki onlar gələndə rus dilini bilirdilər. Əhməd Ağaoğlu, Məhəmmədəmin Rəsulzadə Yusuf Akçura, Zəki Vəlidi Toğan, Əhməd Cəfəroğlu və digərləri gəldilər. Ona görə də bu mövzular onların inhisarında qalmışdı. Türkiyədə doğulan tədqiqatçıların rus dilini öyrənmək imkanı çox olmayıb. Bu şəxslərin vəfatlarından sonra arada böyük bir boşluq yarandı. Çünki Sovet dövründə o ölkələrə girib-çıxmaq, öyrənmək şansı çox az idi. Bizim tədqiqatçıların ancaq 1990-lardan etibarən həmin ölkələrə gedib rus qaynaqları ilə tanış olmaq, araşdırmaq imkanları oldu. Əlbəttə, tədqiqatlar yetərli deyil, amma “yoxdur” demək də olmaz.

Mühacirlərin dövlətlə işlərini o təqib edirdi...

- Sizin tədqiqatlar nə zamandan başladı? Bildiyim qədər, öncə Krım türkləri üzərinə araşdırmalara başlayıbsınız. Bu mövzuya maraq necə yarandı?
- Məktəb dönəmindən bəri tarixi öyrənməyi, millətimizin köklərini araşdırmağı çox sevirdim. Lisey dönəmində də bu maraq davam etdi. Ali təhsili İstanbulda Ədəbiyyat Fakultəsinin tarix bölümündə aldım. O zamanlar həm dünya, həm də Türkiyə tarixi üzrə ən üstün alimlər dərs keçirdilər. Zəki Vəlidi Toğan mənim müəllimim idi. Çox böyük tarixçi olan professor İbrahim Kafesoğlundan dərs aldım. Biz o zamanlar milliyətçi, türkçü, bir az da turançı ideyalarla böyüdük, yetişdik. Buna görə də o bölgənin insanlarına qarşı çox yaxın maraq göstərdim. Tatarıstan və Krım bölgəsinə marağımın ilk səbəbi o bölgələrdən gələnlərin Türkiyədə daha çox əsərlər yazmalarıdır. Məsələn, İdil-Uraldan gələn jurnalist Abdullah Battal Taymas çox gözəl xatirə kitabları nəşr edib. Onun “Rus ixtilalından xatirələr”, “Mən bir işıq axtarırdım”, 4 şəxslə (Rızaeddin Fahreddin, Musa Carullah Bigi, iki Maksudilər, Alimcan Barudi) bağlı bioqrafiya kitabı, “Kazan türkləri” əsərləri çox maraqlıdır. Mən onun əsərlərində yazdığı “Biçən bazarı”, yəni “Ot bazarı” deyilən yeri çox görmək istəyirdim. İllər sonra gedib oraları görmək imkanım oldu. Bu, məni çox təsirləndirdi. Mənim oxuduğum universitetdə professor Reşit Rahmeti Arat vardı, 1964-də vəfat etdi. Mən onu görmədim, çox məşhur bir dilçi idi. O da Kazan türklərindən idi. 1970-də universiteti bitirdikdən sonra Aydında çalışdım. Bu dövrlərdə çoxlu kitablar, qəzet materialları, siyasi mühacirətin dərinliklərinə aid sənədlər toplamağa başladım. 1992-də işimlə bağlı Ankaraya təyin edildim, 1996-da tamamilə Ankaraya köçdüm. Burada çox dəyərli mühacirlərlə, məsələn, azərbaycanlılardan Məhəmməd Kəngərli ilə tanış oldum. Kəngərli, bilirsiniz ki, legionda olub. Ondan çox şeylər soruşdum, çox bilgili adam idi. Krımlı dostlarımdan mərhum İsmayıl Otar Krımın Milli Arxivini yaratmışdı, Cəfər Seyidəhməd Krımərin bütün arxivi, məktubları orada idi. Bu arxivdə çox mühüm materiallar, jurnallar vardı. Mən iki ayda bir gedib orada çalışdım, qaynaqları tədqiq etdim. O arxivdə Rəsulzadənin, Miryaqub Mirmehdiyevin, Ayaz İshaqinin, İsa Yusuf Alptəkinin, Mehmet Emin Buğranın, Mustafa Vəkillinin, ağlınıza gələn hər kəsin məktubu var. Çünki o zaman Sovetlərin təsiri ilə Türkiyədə siyasi mühacirətin fəaliyyətinə izn verilmədiyinə görə, siyasi mühacirətin əksəriyyəti Türkiyədən çıxıb, Avropaya getməyə məcbur olmuşdu. Türkiyədə təkcə, Krımər qalmışdı. Onun dövlətlə münasibəti çox yaxşı idi, ona görə də mühacirlərin dövlətlə işlərini o təqib edirdi. Məsələn, Rəsulzadənin 1947-ci ildə yenidən Türkiyəyə gəlməsində onun çox böyük dəstəyi var. Ona görə də hər kəs uzaqdan-yaxından onunla məktublaşıb. Krımər çox diqqətli, məsuliyyətli şəxs olub. Kiçik qeyd dəftərçələrinə gündəlik notlarını yazıb. Kimlərlə görüşdüyünü qeyd edib. Biz mərhum İsmayıl Otarla birlikdə Cəfər bəyin 1954-1960-cı illər arasındakı gündəliklərini nəşr etdik. 1920-1960 arasını kitab halına gətirdim. Həmin qeydlər üzərində çalışdım, inşallah, tezliklə yayımlanacaq. Orada daha keçmişə söykənən münasibətlər var. Rəsulzadə ilə əlaqəsi yaxşı olub. Cəfər bəy İstanbulda yaşayıb, Ankaraya gəldiyi zaman gündəlik bir qeydində lokum hazırlatdırıb Rəsulzadənin xanımını ziyarət etdiyini söyləyir. Təbii ki, bəzi məsələlər kitablarda olmur. İnsanların xarakterləri, ikili münasibətlər, dürüstlükləri, əxlaq anlayışları. Bunları ancaq soruşaraq öyrənmək mümkündür. Mən çox şeylər öyrəndim. Yenə İdil-Uraldan Ali Akiş bəy vardı. O da Ayaz İshakinin çox yaxınında olub. Ondan çox şeylər öyrəndim. Bəziləri təəssüf ki, xatirələr yazmadılar. Bəziləri bizlərə bəlgə göstərdilər, üzərlərində çalışdıq, bəziləri isə təəssüf ki, göstərmədilər. Məsələn, Məhəmməd Kəngərli bəy bizə çox şey göstərmədi, əksinə mən ona bəzi şeyləri verdim (gülür).

- Azərbaycanlı mühacirlərdən başqa kimləri şəxsən görüb tanımaq imkanınız oldu?
- Mən Əhməd Qaraca bəylə tanış oldum. Amma o, Iğdırda doğulub böyüyən biri idi. Məhəmməd Kəngərli ilə yanaşı Cabbar Ertürk bəyi tanıdım. O, mənim də çalışdığım Aydında yaşayırdı. Mən Ankaraya gəldikdən sonra oğlu onu Bodrumun Səlimiyyə qəsəbinə apardı. Cabbar bəy 2004-də vəfat etdi, xanımı yaşayır. Cabbar bəy də təəssüf ki, bizə çox şeylər göstərmədi. Amma mən də o zamanlar çox bilgiyə vaqif deyildim, yoxsa sıxışdırıb çox şeylər öyrənərdim.

- Bayaq mühacirlərin Türkiyədən çıxarılması məsələsinə toxunduq. Bizdə olan ümumi fikrə görə, Türkiyə ilə Sovetlər arasındakı anlaşmadan sonra Rəsulzadə başda olmaqla azərbaycanlı mühacirlər ölkəni tərk etməyə məcbur oldular. Amma bu yaxınlarda Altay Göyüşovun bir yazısı yayımlandı. Altay bəy bu hadisəni Atatürklə Həmdullah Sübhi Tanrıövər başda olmaqla Türk Ocaqları arasındakı qarşıdurma ilə də əlaqələndirir. Rəsulzadə də Tanrıövərlə çox yaxın idi. Altay bəy deyir ki, əgər Türkiyə Sovet təzyiqindən qorxsaydı, bunu 1920-lərin əvvəlində daha zəif olduğu vaxtda edərdi...
- Burada bir az doğruluq payı var, amma xronoloji yanlışlıq var. Tanrıöver səfir kimi xaricə göndərilmədən öncə, Rəsulzadə bir işi üçün xaricə getmişdi, Türkiyəyə dönməyə viza ala bilmədiyi üçün məcbur olub orada qalmışdı. Cümhuriyyətin elan edilməsindən sonra Türk Ocaqlarının Konqresində nizamnamədə edilən dəyişikliklə Ocağın sadəcə Türkiyə içindəki türklərlə əlaqəli fəaliyət göstərməsi qəbul edilmişdi. Bunu birbaşa Atatürk edib demək doğru olmaz. 1923-dən etibarən nizamnaməyə görə artıq Türk Ocaqları Türkiyə xaricindəki türklərlə məşğul olmayacaqdı. Amma bu da görüntü olaraq alınan bir qərar idi. Türk Ocağı yenə də xaricdən gələn Türk öndərlərlə məşğul olmuşdu. Əlbəttə, dövlətlərin politikalarında belə şeylərin olması çox normaldır, amma bu o demək deyil ki, bunlarla da əlaqəsi yoxdur. Məsələn, mən Rəsulzadənin Həmdullah Sübhi bəyə məktublarını da gördüm. Sübhi bəy onlara həm maddi, həm də münasibətlər baxımından çox dəstək olub. Türkiyə ilə Sovetlərin o zaman münasibətlərinin çox yaxşı olması vacib idi, çünki Türkiyə İngiltərə, Fransa ilə İstiqlal savaşı aparıb. Düzdür, onlar birbaşa hücum etməyiblər, amma yunanları üstümüzə göndərmişdilər. Biz yunanları məğlub etməklə, bir növ onları da məğlub etmiş olduq. Sovetlərin də Avropada heç bir dostu yox idi, bizimlə yaxşı münasibət qurmağa məcbur idi. Milli mücadilədə türk-islam dünyasının topladığı pullar bizə gəlib çatmaya bilərdi. Bir şəkildə onlar da bizə dəstək olublar. Cümhuriyyətin elanından sonra da Türkiyə Sovetlərlə yaxşı münasibətlər qurdu. Məsələn, Türkiyədə fabriklərin qurulmasına Rusiya dəstək olub. Mənim atam da o zamanlar Nazillidə qurulan fabrikin inşasında rus mühəndislərlə birgə işləyib. Həmişə bu barədə danışardı. Həmin vaxt texnika da Rusiyadan gətirilmişdi. Rusların sənaye müəssisələrinin qurulmasında göstərdikləri dəstəyin ödənişi kənd təsərrüfatı məhsulları verilərək qarşılanmışdı. Ankarada bir dönəm avtobuslar da Rusiyadan gətirilmişdi.

Rəsulzadə ilə bağlı bir qovluq görmüşdüm...

- Taksim anıtında da Voroşilov və başqaları var...
- 1933-cü ildə keçirilən 10-cu il törəninə Voroşilov da gəlmişdi. Atatürklə Voroşilov arasındakı tərcüməçiliyi əslən Şəkidən olan, daha sonra generallığa qədər yüksələn Nuri Berköz edib. Onun qardaşı Mahmut Berköz də general olub.

- Dediniz ki, Zəki Vəlidi müəllimiz olub. Maraqlıdır, onu necə xatırlayırsınız?
- Zəki Vəlidi bəy mənim məzun olduğum 1970-ci ilin iyul ayında öldü. Biz onun çox yaşlı dönəminə rastladıq. Zəki Vəlidi yaşlı vaxtında gəldiyi üçün Türkiyə türkcəsini yaxşı öyrənməmişdi. Quzey türkcəsi ilə Türkiyə türkcəsinin qarışığı bir dildə danışırdı. 80 yaşında öldü, çox sakit bir adam idi. O zamanlar indikindən fərqli olaraq tələbələrlə professorlar arasındakı münasibətlər isti deyildi, məsafə olardı. Biz ondan dərs aldıq sadəcə, xüsusi söhbətlər etmək imkanımız çox olmadı. 1969-cu ildə xatirələri yayımlandığı zaman kitabını aldım, ona imzalatdım, arxivimdə saxlayıram. Onun xatirələrində siyasi mühacirətlə bağlı çox maraqlı məsələlər var. 1917-1925-ci illər arasındakı Rusiyada yaşanan hadisələri ətraflı yazıb, sonrasını da yazacaqdı, vəfat etdi. Bu xatirələr qədər dəyərli başqa xatirə yoxdur.

- Rəsulzadə “Stalinlə ixtilal xatirələri” adlı əsərinin giriş qismində yazır ki, xatirələrimin ona aid hissəsinin nəşr edilməsinə qərar verdim. Bu o demək deyilmi ki, xatirələr geniş olub, sadəcə Stalinlə olan hissə yayımlanıb. Qalanı isə yox olub.
- Rəsulzadə bu xatirələrini “Dünya” qəzetində hissə-hissə çap etdirib. Maddi baxımdan da çox sıxıntılı dönəmi idi. Mən Rəsulzadəyə pul ödənilməsi ilə bağlı bir-iki məktub gördüm. “Dünya” qəzeti o zamanlar Falih Rıfkı Atay tərəfindən çap olunurdu. Demək ki, dostluqları da olub. Rəsulzadə çox yazan bir siyasətçi olub. Amma əgər belə bir şey olsaydı, indiyədək üzə çıxardı. Bilirsiniz ki, Rəsulzadənin arxivi dağılıb. Müxtəlif şəxslərdədir. Mən Rəsulzadə ilə bağlı bir qovluq görmüşdüm, təkrar görəcəyim üçün o zaman surətini çıxarmadım. Amma təəssüf ki, sonra görə bilmədim.

- Sizin diqqət göstərdiyiniz azərbaycanlı mühacirlərdən biri də Səlim Rəfiq Rəfioğludur. Bu barədə Bakıda kitabınız da yayımlanıb. Səlim bəyə marağınızın səbəbi nə oldu?

Davamı var...

Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər