Teleqraf.com xəbər verir ki, bu fikirlər bu gün 60 yaşı tamam olan “Şöhrət” ordenli Əflatun Amaşova ünvanlanmış təbriklər arasında yer alır.
Media kapitanları və dostları yubilyarla bağlı təbriklərini belə çatdırıblar:
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu:
“Əflatun Amaşovu yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Əflatun Amaşov Azərbaycan mətbuatının sütunlarından və müasir mətbuatın yetişdirdiyi dəyərli simalardan biridir. Amaşov medianın, xüsusilə də “Yeni Müsavat” qəzetinin keşiyində hər zaman dayanıb və o, təsadüfən Mətbuat Şurasının sədri seçilməyib. Onun arxasında hər zaman mətbuat nümayəndələri, media kapitanları olduğu kimi, o da sədr postunun imkanları daxilində həmişə mətbuatın və jurnalistlərin yanında olub. Mətbuatın sıravi üzvündən tutmuş rəhbərliyinə, mətbuat nümunələri sahiblərinə qədər hər kəsin haqq və hüquqlarını müdafiə eləməyə çalışıb və müdafiə edib. Hazırda millət vəkilidir, bizim mətbuat camiyasını parlamentdə uğurla təmsil edir, etdiyi çıxışların böyük əksəriyyəti mətbuatın maraq və mənafelərinə, mövcud olma imkanlarına yönəlib. Bir sözlə, bu insan bütün həyatını və ömrünü Azərbaycan mətbuatına həsr eləmiş birisidir. Gənc yaşlarından mətbuatda çalışır, yaşının 60-ında da bu çalışma eyni şövq və həvəslə davam edir, dəyərli dostumuz, qardaşımızdır. Biz bu çalışqan, yorulmaz, zəhmətkeş insanı bu gözəl gün münasibətilə bir daha ürəkdən təbrik edirik, ona daha böyük uğurlar arzulayırıq. Çünki onun uğurundan bizim hər birimizə pay düşür və nə qədər irəlidə olması, uğur qazanması Azərbaycan mətbuatının maraqları üçün də əhəmiyyət kəsb edir. Bu baxımdan Amaşovun hər zaman ayaqda və postda qalmasını arzulayanlardan biri də mənəm”.
“Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı:
“Mətbuat Şurasının yaranması, Əflatun Amaşovun ora sədrliyə başlamasından sonra mediamızdakı aydınlaşma və durulmanı hər kəs hiss edir. Media-cəmiyyət, media-məmur münasibətlərinin tənzimlənməsində və medianın inkişafında Əflatun Amaşovun göstərdiyi peşəkar xidməti isə media mənsubları daha yaxşı hiss edirlər. Əflatun Amaşovun jurnalistin və jurnalistikanın əvvəlki nüfuzunun qaytarılmasında xidmətləri yetərincədir. “Reket” jurnalistikaya qarşı mübarizənin il deyil, hətta gün fərqilə gücləndirilməsi, jurnalistikanı cəmiyyətin gözündən salan hallara, daha doğrusu, şəxslərə qarşı aparılan mübarizə Əflatun Amaşovu hər birimizin dəyər verdiyimiz şəxsə çevirib. Mətbuat Şurasının uğuru təkcə baş verən yanlışlıqlardan sonra məsələyə qarışmasında deyil. Əksinə, son illərdə informasiya manipulyasiyasının dövriyyəyə daxil olması ehtimalı yarananda artıq biz Mətbuat Şurasının dərhal reaksiya verdiyini müşahidə edirik. Bu, artıq Əflatun müəllimin və Mətbuat Şurasındakı peşəkarların media işçilərini sığortalayan, bir növ, peşəkar dəstəyidir. Səmimiyyəti, insani keyfiyyətləri ilə xüsusilə seçilən Əflatun Amaşov həm də bizim qanunverici orqandakı təmsilçimizdir. Yeni medianı hiss etməsi, dövlət dəstəyinin həm də bu sahəyə yönəldilməsi istiqamətində çalışmaları və bu ildən ona nail olması da Əflatun Amaşovun həm peşəkarlığını, həm də qayğısını təsdiqləyən məqamlardan az bir hissədir. Əflatun müəllim haqqında uzun-uzadı danışmaq mümkündür. Yalnız onu deyə bilərəm ki, o, nəinki üzdə olan, tanınan jurnalistlər, həm də tanınmayan və şəxsən tanımadığı gənc jurnalistlər üçün də əlçatan, onların belə sözünü eşidən şəxsdir. Qısacası, Əflatun Amaşov sözün hər mənasında Bizim Adamdır. Onu səmimi qəlbdən təbrik edirəm, uzun ömür və ətrafındakılara ağsaqqallığını nümayiş etdirən incə təbəssümünün üzündən əskik olmamasını arzulayıram”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:
“Əflatun Amaşovu jurnalistikaya gələndən tanıyıram və bu günə qədər münasibətlərimiz yüksək olub. Əflatun Amaşov bir insan kimi yaxşı insandır, humanistdir, müxtəlif fikirli insanları bir masa ətrafında müzakirələrə dəvət edə bilir, bizim jurnalistikamızda ortaq qərarlar qəbul etmək imkanı olan çox azsaylı insanlardan biridir. Klassik mətbuatımızın ənənələrinin yaşanmasında, çap mətbuatının ayaqda durmasında onun xüsusi rolu var. Əflatun Amaşov insani baxımdan müsbət keyfiyyətləri özündə cəmləşdirən şəxsiyyətdir. Vaxtilə Azərbaycan jurnalistikası siyasiləşəndə, qütbləşəndə o qütbləşməyə qarşı çıxan, sərt mövqeyi ilə seçilən jurnalist olub. Onun mətbuatımızın inkişafında məxsusi yeri var. Mətbuat Şurası bu gün cəmiyyətdə kifayət qədər uğurlu fəaliyyət göstərir və jurnalist qurumları arasında öz obyektiv qərarları ilə seçilir, Azərbaycanda mətbuatın inkişafına yönəlik qərarların qəbulunda fəallıq göstərən təşkilatdır. Bu təşkilatın başında olmaq çox çətin və eyni zamanda şərəfli işdir. Hesab edirəm ki, Əflatun Amaşov bu missiyanı çox uğurla davam edib və çox yaxşı örnəklər ortaya qoyub. Arzu edirik ki, sağlam olsun, növbəti ildə baba olsun, bizi övladının toyuna dəvət eləsin, gedək o toyda yaxşıca təbriklərimizi çatdıraq. Əflatun Amaşov çox güclü, mütərəqqi insandır. Çalışqan olmaqla yanaşı, müasir jurnalistikanın prinsiplərini Azərbaycanda tətbiq etməyə səy göstərib. Gələcəkdə də işini və fəaliyyəti məhz bu əsaslarla qurmağı ona arzu edərdim”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli:
“Yəqin bu gün Əflatun müəllimlə bağlı həm sosial şəbəkələrdə, həm də saytlarda çoxlu təbriklərin şahidi olacağıq. Ona görə ki, Əflatun Amaşov həm jurnalistdir, Mətbuat Şurasının sədri olaraq uzun illərdir bu sahəyə rəhbərlik edir, son iki ildir həm də millət vəkili kimi siyasi fəaliyyətlə məşğuldur. Onu təbrik edənlərin çevrəsi çox geniş olacaq. Əflatun müəllimlə bağlı çoxlu müxtəlif fikirlər səsləndiriləcək. Cənab prezidentin Əflatun müəllimi “Şöhrət” ordeni ilə təltif etməsi onun əməyinə verilən qiymətdir. Mən tamam başqa aspektdən danışmaq istəyirəm, çünki bir- birimizi tələbəlik illərindən tanıyırıq. 1978-ci ildən öncəki dövrlərdən indiyədək hansı yollardan keçdiyinin şəxsən şahidiyəm. Azərbaycan müstəqillik qazanandan sonra onun önündə mətbuat durdu. Müstəqilliyimizin möhkəmlənməsində, dövlətimizin güclənməsində medianın rolu əvəzsizdir. Əflatun müəllim bu müddət ərzində çox güclü kadr idi. Mətbuat çətin dövrdən keçdi, qəzetçiliyin arxa plana keçməsi, elektron medianın onu üstələməsi həm də ciddi keyfiyyət dəyişikliyi ilə müşahidə olundu. Ağrılı keçən bu illərdə Əflatun müəllim öz jurnalist müvazinətini itirmədən daim inkişaf edən şəxs oldu. Onu həmişə mətbuatın yanında görmüşəm. Bu müddət ərzində onu tənqid edənlər də, bəyənməyənlər də olub, amma zaman göstərdi ki, o, zamanın sınağından qələbə ilə çıxdı. Daha bir az radikallıq və ya loyallıq indiki nəticəni verməzdi. Məhz sərgilədiyi və ortaya qoyduğu fəaliyyət onun qələbəsinin bariz nümunəsidir. Təbii ki, Əflatun müəllimlə bağlı fərqli fikirlər ola bilər, tənqidlə yanaşı əksinə onu tənqid edənlər də var və fakt faktlığında qalır ki, Əflatun Amaşov özünəməxsus yol seçdi və bu yolu ancaq o özü seçə bilərdi. Əflatun müəllimi dostları və öz adımdan təbrik edirəm, ona can sağlığı arzulayıram. 60 yaş əvvəllər çox əlçatmaz görünürdü, indi zaman su kimi keçir. Müdrik həyatı bundan sonra başlayır, 60 yaşdan sonra gördüyü işləri daha da məntiqli davam etməsini, övladının toyunu görməsini, baba olmasını arzulayıram, şəxsi həyatında uğurlar diləyirəm”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev:
Əflatun Amaşov ilk növbədə öz peşəsini yaxşı bilən və sevən bir jurnalistdir. Heç təsadüfi deyil ki, Mətbuat Şurası yaranan vaxtdan etibarən o, təşkilata sədrlik edir və bu vəzifəyə təkrar olaraq seçilməsini onun peşəkar bacarığı, bilik və qabiliyyəti şərtləndirir.
Əflatun Amaşov öz vəzifə məsuliyyətlərinə çox ciddi yanaşan peşəkar jurnalist və idarəçidir. Azərbaycan informasiya mühitində mövcud olan bütün media nümayəndələri Əflatun Amaşovu şəxsən tanıyır, hər biri onunla ünsiyyətdə olur, ümumiyyətlə, o, ünsiyyətə çox açıq olduğu üçün Azərbaycan informasiya mühitində jurnalist, oxucu və ya yazıçı qismində iştirak edən hər kəs onunla çox rahat əlaqəyə girə bilir. İnsani keyfiyyətlərinə baxdıqda Əflatun Amaşov çox təvazökar və olduqca fədakar insandır. O, gecə-gündüz işləməyə hazır olan, heç bir işdən çəkinməyən, idarə etdiyi təşkilatın qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün görməli olduğu işlərin mahiyyətini dərindən dərk edən və uğurla həyata keçirən bir insandır. Dostluq və yoldaşlıq mühitində də Əflatun Amaşovu tanıyan hər bir insan onu özünə dost hesab edir. Çünki qəlbən də çox açıq və səmimi insandır. 60 yaşının tamam olması münasibətilə dostumuz, Mətbuat Şuramızın sədri Əflatun Amaşova can sağlığı, uzun ömür və böyük uğurlar arzu edirəm”.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu:
“Cənab Prezidentin sərəncamı ilə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova verilən “Şöhrət” ordeni əslində bütün jurnalistikamıza verilən dəyərdir. Bu gün geniş jurnalist cameəsinin, ölkə mediasının aparıcı simalarının əzmkar fəaliyyəti nəticəsində Azərbaycan mətbuatı özünün keyfiyyət dəyişikliyi dövrünə qədəm qoyub. Bu işdə, eləcə də Azərbaycanda müstəqil mətbuatın formalaşmasında, Azərbaycanda vətəndaş cəmiyyətinin və medianın inkişafında, ölkədə söz və ifadə azadlığının təşəkkülündə Əflatun Amaşovun danılmaz rolu vardır. Azərbaycan Mətbuat Şurasının qurucularından olan Əflatun Amaşov hər zaman cəmiyyətimizin diqqətində olan, ölkəmiz və dövlətimiz üçün taleyüklü məsələlərin həllində təşəbbüslə çıxış edib, dövlət və qeyri-dövlət qurumları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın möhkəmlənməsində böyük işlər görüb. Azərbaycan mediasının bütövləşməsində, jurnalist əməyinin dəyərləndirilməsində, Azərbaycan mətbuatının möhkəm prinsiplər üzərində qurulmasında, mətbuat ənənələrimizin qorunub saxlanılmasında, vətəndaş təəssübkeşliyi olan yeni nəsil Azərbaycan jurnalistikasının, müasir internet resurslarının, beynəlxalq tərəfdaşlıq imkanlarının inkişafında onun və rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurasının çoxsaylı fəaliyyətləri vardır. Bir sözlə, onun Azərbaycanın ictimai-siyasi həyatında xüsusi rolu və Azərbaycan mətbuatının güclənməsində böyük əməyi vardır. Bir daha həmkarlarım və öz adımdan, rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) kollektivi adından bu əlamətdar gün və yüksək ordenə layiq görülməsi münasibətiylə Əflatun müəllimi təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan mətbuatının və ictimai fikrinin güclənməsində ona bol-bol uğurlar arzu edirəm”.
Qeyd edək ki, bu gün Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun 60 illik yubileyidir. O, dünən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1979-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1985-1994-cü ildə AzərTAC Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. Əflatun Amaşov jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir. O, Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Ailəlidir, bir övladı var.
Nərgiz