Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı məni təəccübləndirmədi. Bu, gözlənilən idi. Çünki AŞPA uzun illərdir qardaş Türkiyəni “qaralayaraq”, onun Avropaya yolunu kəsməklə məşğuldur. Türkiyə 54 il əvvəl Avropa İttifaqına üzvlük üçün müraciət edib. Amma hələ də onu yaxına buraxmırlar. Halbuki Avropa İttifaqında elə dövlətlər var ki, həm inkişaf səviyyəsinə, həm də insan haqları və başqa demokratik amillərə görə, Türkiyədən çox-çox geridədir. Fikrimcə, Türkiyəyə qarşı ayrı-seçkiliyin əsas səbəbi son illər Avropada baş qaldıran islamofobiyadır. AŞPA-nın bu ədalətsiz qərarı təşkilatda islamofob meyillərin hakim mövqeyə çıxdığını bir daha göstərir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində tarixçi, Xaçmazdakı Heydər Əliyev adına İdeoloji Mərkəzin rəhbəri Cavad Mehmanov söyləyib.
Müsahibimiz bildirib ki, Avropa siyasi dairələrinin qərəzli addımı Türkiyəyə təzyiq məqsədi daşıyır. Əslində Avropa İttifaqının özünün gələcək taleyi sual altındadır. Böyük Britaniya Avropa İttifaqının perspektivsiz bir qurum olduğunu anlayaraq təşkilatdan çıxmaq qərarına gəldi. İndi Fransada da bu məsələ ciddi müzakirə olunur. Avropa İttifaqı bir qurum kimi effektivliyini, nüfuzunu itirməkdədir.
“Ümumiyyətlə, bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da ikili standartlar siyasəti özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Bu siyasətin hədəfi olan ölkələrdən biri də Azərbaycandır. Götürək elə Dağlıq Qarabağ ətrafında cərəyan edən prosesləri. AŞPA üzvləri Azərbaycanın haqq səsini eşitmək istəmirlər. Avropa dairələrinin yürütdüyü siyasət təcavüzkar Ermənistana bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdür. Azərbaycan 16 ildir AŞPA-nın üzvüdür, ATƏT 20 ildən çoxdur ki, Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edir. Təəssüf ki, nə bu üzvlük, nə də vasitəçilik bizə zərrə qədər də fayda verməyib”, - deyə o qeyd edib.
Tarixçinin fikrincə, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməlidir: Qərb, yoxsa region ölkələri, İslam dünyası və Şərq? Cavad Mehmanov hesab edir ki, bu sualın aktuallığı getdikcə artır.