Onlar Teleqraf.com-a bildirib ki, Simyar Abdullayev GƏC üzvlərindən xəbərsiz quruma məxsus əmlakı talan edir, onun balansında olan torpaq sahələrinin dələduzluq yolu ilə satır:
“2002-ci ildən cəmiyyətə rəhbərlik edən Simyar Abdullayev GƏC-ə məxsus aşağıdakı mülklərin qanunsuz yolla satılmasında birbaşa iştirak edib.
Bakı şəhəri, Ağa Neymətulla, 117 ünvanında yerləşən “Səbinə” kooperativinin avadanlıqları və ərazisi satılıb. Nəticədə 2007-ci il tarixdə “Şınıx” MMC-yə həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilmısinə dair şəhadətnamə verilib. Bakı şəhəri, C.Cabbarlı, 31-dəki “Mərhəmət” mağazası da satılıb. Bakı şəhəri, Ş. Qurbanov, 25 ünvanında Cəmiyyətə məxsus Mədəniyyət evi Simyar Abdullayevin 01 iyun 2003 tarixli 1/74 saylı məktubu ilə icarə münasibətindən imtina edib. Eləcə də Ü. Hacıbəyov, 10 ünvanında yerləşən cəmiyyətin mərkəzi Mədəniyyət evi hərraca çıxarılaraq satılıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2007-ci il tarixli sərəncamına əsasən, C. Hacibəyli, 40 ünvanında yerləşən 1176kv.m torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi üçün cəmiyyətin istifadəsinə verilib. Bununla əlaqədar tikintinin aparılması üçün GƏC İnter-ST MMC ilə 30.09.2007-ci il tarixində müqavilə bağlayıb. Müqavilənin bağlanması barədə cəmiyyət üzvlərinin heç bir məlumatı yoxsdur. Simyar Abdullayev isə bildirib ki, tikilnməkdə olan yaşayış binasından 200 kv.m yer alıb, gələcəkdə mətbəə kimi istifadə edəcəyik. Halbuki 1736 kv.m torpaq sahəni o vaxtkı qiymətlərlə sataraq 3.5-4 milyon manat əldə etmək əvəzinə 70-80 mənzil alıb əlillərə paylamaq olardı. Sonra məlum oldu ki, sədr öz şəriki ilə burada 2 ədəd 18 mərtəbəli bina tikdirib və gözdən əlillərə mənzil verilməyib.
Nərimanov rayonu, F.Yusifov küçəsi 45A ünvanında Cəmiyyət üçün tikilmiş binanın yanındakı çoxmərtəbəli yaşayış binasından 3 birotaqlı, 6 üçotaqlı mənzil kənar şəxslərə satılıb”.
Şikayətçilərin sözlərinə görə, GƏC-in Nərimanov rayonu, Faiq Yusifov, 40 küçəsində yerləşən ərazisini də Cəmiyyətin sədri özəl MTK-ya satıb və orada çoxmərtəbəli bina tikdirmək istəyir:
“Bu vaxta kimi cəmiyyətin balansında çox yerlər olub. Hamısı qanunsuz yollarla satılıb. Bu müqavilə Ceyhun Hacıbəyli 40 ünvanındakı müqaviləyə bənziyir. Orada sərəncam verilmişdi ki, gözdən əlillər üçün mənzil tikilir, amma həmin vaxt gözdən əlillərin birinə də ev verilmədi”.
Şikayətçilərin əsas narazılığı həmin ərazidə çoxmərtəbəli binanın özəl şirkət tərəfindən tikilməsidir:
“Sədr özbaşına, naməlum müqavilələrlə cəmiyyətə məxsus ərazi ilə bağlı istədiyi qərarı verir. Son ümidimiz olan bu ərazidə GƏC-ə aidiyyəti olmayan kənar şəxslərlə birlikdə iş birliyi qurulur. Bu məsələ GƏC üzvlərindən xəbərsiz həyata keçirilir, hər şey tikinti şirkəti ilə GƏC sədri arasında gizli saxlanılır”.
Məsələ ilə bağlı GƏC sədri Simyar Abdullayev ilə əlaqə saxladıq.
Onun sözlərinə görə, Ceyhun Hacıbəyli 40 ünvanında 90 mənzil istifadəyə verilib:
“Həmin ərazi bizim əmlakımız deyildi, sadəcə istifadəmizdə olan yer idi. Biz həmin vaxt bir şirkətlə müqavilə bağladıq ki, bütün xərcləri şikət çəksin və orada bizə qeyri-yaşayış sahəsi versin. 2007-ci ildən bizə qeyri-yaşayış sahəsi verilib. Dəfələrlə audit yoxlamaları aparılıb. Heç bir qanunsuzluq aşkar edilməyib”.
Simyar Abdullayev deyir ki, Nərmanov rayonu Faiq Yusifov 40 küçəsində yerləşən ərazi ilə bağlı şikayət barədə də danışıb:
“2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlətin sifarişi ilə Faiq Yusifov 45 A ünvanında mənzil tikintisi başlandı. 2015-ci ildə yaşayış binası istifadəyə verildi. Həmin binanın ərazisi olan F. Yusifov küçəsi 40 ünvanındakı boş sahədə də yüksəkmərtəbəli binanın inşa edilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi razılıq verib. Bu gün dünyada maliyyə böhranı var. Hər dəfə dövlətin üzərinə qaçıb “bizə kömək et” demək düzgün deyil. Ölkədə başqa əlillər və onların da hüquqları var. Biz sadəcə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik ki, həmin mənzillərin tikintisini investisiyalarla həyata keçirək. Nazirlik ilə həmin investorların görüşü keçirildi. Birbaşa nazir Səlim Müslümovun da məlumatı var. 2015-ci ildə Nərmanov rayonu F. Yusifov küçəsi, 45A ünvanında yaşayış binasının açlışı zamanı nazir Prezident İlham Əliyevə məruz etdi ki, bu ərazidə bir investor yaşayış binası tikiləcək. Məsələ ilə bağlı 2 ildir ki, sənədləşdirmələr aparılır. Cəmiyyətimizin üzvləri 2 ildir bilir ki, ərazi sökülür, geoloji işlər aparılır, Əmlak Məsələləri Dövlət Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edilir ki, əlillərin təklifinə köməklik göstərilsin. Artıq həmin ərazidə tikinti işləri abaşlanıb, amma kimlərsə tərəfindən öyrədilmiş insanlar bizə qarşı iddia irəli sürürlər.
Axı, cəmiyyətin rəhbəri kimdir ki, öz başına bu işləri həyata keçirsin? Bu ölkənin qanunu var. Mövcud qanunvericiliyə uyğun olaraq, biz dövlətin dəstəyini alırıqsa, işləri görürüksə, onlar buna sevinməlidir. Bəzi insanlar mətbuatla mənə və quruma təzyiq göstərirlər ki, biz onlara güzəştə gedək və gələcəkdə tikilən yerlərdən onlara ev verək. Elə bir şey yoxdur. Bu gün həmin ərazidə 75 mənzilin tikilməsi və qeyri- yaşayış binalarının verilməsi nəzərdə tutulub”.
Simyar Abdullayev əlavə edib ki, həmin ərazini satması barədə deyilənərin heç bir hüquqi əsası yoxdur:
“İstənilən vaxtı bütün sənədləri təqdim edə bilərəm. Mən 15 ildir Cəmiyyətin sədriyəm. Deyirlər ki, 15 ildir Abdullayev buranı “dağıdır”. 15 il öncənin statistikasını təqdim edim ki, həmin illərdə cəmiyyəti nə günə qoymuşdular. Biz də bilirik ki, həmin əlillərin arxasında müəyyən şəxslər durur. Onların vaxtilə əmlakda gözü olub. Bu gün onların sadəlövlüklərindən istifadə edib, belə hallara təhrik edirlər. Onların hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyik. Qanunsuzluq varsa, məhkəməyə müraciət etsinlər. Həmin ərazini satmışamsa, yemişəmsə, məsuliyyət daşımağa hazıram”.
İlhamə ƏBÜLFƏT