Bunu Teleqraf.com-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Onun sözlərinə görə, son zamanlar intihar hallarının gəncləşməsi narahatedici məsələdir:
“Azərbaycanda intihar hallarına bütün yaş qruplarında rast gəlinir. Səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması aiddir. Ümumdünya Səhiyyə Təşkilatı intiharın 800 səbəbini göstərib. Bunlardan 41%-i “məlum deyil”, 19%-i “cəzalanmanın qorxusuna”, 18%-i “ruhi xəstəliyə”, 18%-i “evdəki məhrumiyyətlərə”, 6%-i “ehtirasa”, 3%-i “pul itkisinə”, 1,4% -i “həyatdan doyduğuna”, 1,2%-i “fiziki xəstəliyə” görə intiharları qeyd etmək olar. Bu göstərilənlər səbəblərin hamısını əks etdirmir və nəzərə almaq lazımdır ki, insanların yaşına və sosial statusuna görə də onların özünü öldürmə səbəbləri müxtəlifdir”.
Aynur Veysəlova bildirib ki hər il 10 sentyabr Ümumdünya intiharın qarşısının alınması günü elan edilir:
“ÜST-ün hesabatına əsasən, ildə 1 milyon insan həyatına qəsd edir və 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Hazırda intiharların səviyyəsinə görə Qərbi Avropa ilk sıradadır. Dünyada intihar edənlərin təxminən 1%-i isə Azərbaycanın payına düşür”.
Aynur Veysəlova qeyd edib ki, intihar hallarının azalması üçün əsasən maarifləndirmə işləri aparılmalıdır:
“İlk növbədə KİV-də zorakılıq və ölüm səhnələrini əks etdirən seriallara, verlişlərə qadağa qoyulmalı və ya senzuradan keçməlidir. Orta məktəblərdə “məktəb psixoloqu” sosial təsisatının fəaliyyəti gecləndirilməlidir. Bir çox ailələrdə ünsiyyət probleminin olması da keçid yaş dövrünü yaşayan uşaqlarda psixoloji çətinliklər yaradır. Bunun qarşısının alınması üçün “məktəb psixoloqu”nun valideynlərlə mütəmadi olaraq işləməsi zərurəti yaranır. Valideynlər üçün xüsusi maarifləndirici seminarlar keçirilməlidir. Digər bir məsələ isə insanların, xüsusilə, uşaq və gənclərin çox vaxt keçirdiyi internetdə “həyat”, “ölüm” və s. ilə bağlı yazıların, video çarxların olmasıdır. Bəzən belə məlumatlar onların düşüncələrini alt-üst edir. Ən pis halda isə, bütün problemlərdən qurtulmaqda intiharın ən “düzgün” seçim olduğu beyinlərə həkk olur. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir”.
İlhamə ƏBÜLFƏT