26 May 2017 10:54
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Efiopiya Federativ Demokrtaik Respublikasındakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Efiopiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən Baş nazirin müavini Fasil Nahom, Efiopiya və Afrika İttifaqı yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatlar, ölkənin aparıcı media nümayəndələri, yerli iş adamları və ölkəmizin ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən səfir E.Abdullayev 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu, bütün ölkə vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçki hüququnun dünyanın bir çox dövlətlərdən öncə verildiyini qeyd edərək, müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu vurğulayıb.

Daha sonra E.Abdullayev cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini qeyd edərək, Azərbaycanın 20% torpaqlarını hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin tələblərini yerinə yetirmədiyini və 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiklərini vurğulayıb.

Səfir müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin xalqının dəstəyi və sevgisi ilə uzaqgörən və praqmatik siyasəti nəticəsində ölkəmizi ağır vəziyyətdən xilas etdiyini, sabitliyin, davamlı inkişafın təməlini qoyduğunu və vətəndaş qarşıdurmasının qarşısını aldığını bildirib. Ümummilli Lider Heydər Əliyevin həm SSRİ, həm də müstəqil Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ölkəmizin inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dünyada nüfuzunun gücləndirilməsində tarixi rolunu qeyd edən səfir Ulu Öndərin hər zaman xalqının yanında olduğunu vurğulayıb.

Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrinə sahib olduğunu qeyd edən E.Abdullayev ölkəmizdə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, multikulturalizm və tolerantlığın Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət siyasətinə çevrildiyini bildirib. O, dünyada multikulturalizmin və tolerantlığın təşviqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında 2008-ci ildə “Bakı Prosesi”nin başlandığını qonaqların diqqətinə çatdırıb. Səfir, həmçinin Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini bildirərək, Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə daim sadiq qaldığını vurğulayıb. Səfir 2015-ci ildə təşkil edilmiş Birinci Avropa Oyunları, 12-22 mayda baş tutmuş 4-cü İslam Həmrəyliyi Oyunları, Bakıda keçirilən beynəlxalq mədəniyyətlərarası dialoq və humanitar forumlarından söz açıb.

Azərbaycanın Afrika ölkələri ilə, o cümlədən Efiopiya ilə ikitərəfli münasibətləri barədə danışan diplomat Afrika İttifaqı ilə münasibətlərin inkişafı, dövlətimiz tərəfindən Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar və əldə olunmuş nailiyyətlərə dair məlumat verib. Azərbaycanın Afrika qitəsi ölkələri ilə münasibətlərinin inkişafında səfərlərin əhəmiyyətini qeyd edən səfir son illər ərzində bir çox Afrika ölkələrindən Azərbaycana müxtəlif ikitərəfli səfərlərin həyata keçirildiyini vurğulayıb. Səfir 5-6 may 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş 4-cü Mədəniyyətlərarası Dialoq Forumunda Efiopiyanın birinci xanımı Roman Tesfayenin və Malinin birinci xanımı Keita Aminata Maiqanın Forum çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” adlı “dəyirmi masa”da çıxış etdiklərini bildirib.

Azərbaycan ilə Efiopiya arasında 2017-ci ilin noyabr ayında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd ediləcəyini bildirən səfir E.Abdullayev, gələcəkdə də ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu şəkildə inkişaf etdiriləcəyinə əmin olduğunu vurğulayıb.

Qəbul zamanı əsas qonaq qismində çıxış edən Efiopiyanın Baş nazirinin müşaviri F.Nahom bu gün Azərbaycan ilə Efiopiya arasında münasibətlərin sürətli şəkildə inkişaf etdiyini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

Tədbir zamanı qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və milli mətbəxin təamları təqdim olunub.

Tədbir yerli KİV-də işıqlandırılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər