1 İyun 2017 16:46
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti iyunun 23-dən 25-dək paytaxtda baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirir.

Teleqraf.com xəbər verir ki, hazırda trek ətrafında təhlükəsizlik baryerlərinin, əlavə qoruyucu hasarların və tribunaların quraşdırılması işləri və həmçinin trek boyunca asfalt örtüyündə təmir-bərpa işləri aparılır. Şəhərin mərkəzi küçələrində nəqliyyatın və piyadaların hərəkətində fasilələrin yaranmaması üçün işlər, adətən, gecə saatlarında həyata keçirilir.

Bakı Şəhər Halqası şəhər sakinlərindən xahiş edir ki, işin gedişatına mane olmamaq üçün avtomobillərini iyunun 1-dən 25-dək saat 22:00-dan 06:00-dək trekin keçdiyi bütün küçələrdə, xüsusən də Xəqani, İstiqlaliyyət və Əziz Əliyev küçələrində və həmçinin Qoşa Qala Qapılarının qarşısındakı hissədə saxlamasınlar, əvəzində alternativ parklanma yerlərindən istifadə etsinlər: “Əks halda yarışa hazırlıq işlərinin plana uyğun şəkildə reallaşdırılmasına maneçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın ərazidə olan parklanma yerlərinə aparılacaq”.


Müəllif: Nərgiz