4 İyul 2017 20:58
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Türkiyənin Afrində keçirməyə hazırlaşdığı hərbi əməliyyatla bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Qabil bəy, Afrin əməliyyatını zəruri edən səbəblər hansılardır?

– Türkiyə mətbuatının məlumatına görə, Suriya kürdləri Amerikadan lazımi müasir hərbi avadanlıq aldıqdan sonra Türkiyə sərhədlərinə yaxın olan Afrin bölgəsinə silahlı qüvvələr yerləşdirməyə başlayıblar. Hətta, onların Cerablus, Mennik adlanan yaşayış məntəqələri istiqamətində irəliləməsinə dair məlumat yayılıb. Ona görə də Türkiyə ordusu sərhədə qoşun yığdı, üstəlik bir neçə dəfə Suriya kürdlərinin Afrin bölgəsindəki mövqeləri Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən bombardıman edildi. Son məlumatlara görə həmin ərazilərdə kürdlər qüvvələri müəyyən qədər geriyə çəkməyə başlayıblar. Burada Ərdoğanın Amerika prezidenti ilə danışıqları da ola bilsin ki, rol oynayıb. Amma hər halda bu bölgədə yerləşən kürd qüvvələri Türkiyə ordusunun qətiyyətini hiss etdikləri üçün sərhəddən müəyyən qədər uzaqlaşmağa başlayıblar.

– Türkiyənin bu əməliyyatla qarşısına qoyduğu məqsəd nədən ibarətdir?

– Türkiyənin birinci hədəfi sərhədlərinin təhlükəsizliyidir. Suriya ilə Türkiyənin sərhədlərinin uzunluğu 700 kilometrə çatır. Həm də bu sərhədlərdə o, beton divarlardan hasar çəkir. Türkiyə yaxşı bilir ki, əvvəllər İŞİD qüvvələri, son zamanlar isə həm PKK, həm də PKK-nın qolu olan YPG qüvvələri məhz sərhəddən sızaraq Türkiyə ərazisində sabitliyi pozan əsas elementlərə çevrilmişdilər. Sərhəddə beton divarların çəkilməsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində müəyyən tədbirlərin görülməsi ölkə daxilinə PKK qüvvələrinin sızmasını müəyyən qədər azaldıb. Türkiyənin digər ən mühüm niyyətlərindən biri də bölgədə kürd dövlətinin yaradılmasına mane olmaqdan ibarətdir. Yəni, bu mane olmaq sadəcə, Türkiyənin istəyi deyil. Türkiyənin əsas istəyi odur ki, bölgədə yaranmış status-kvo, xüsusilə sərhədlər məsələsindəki status-kvo dəyişdirilməsin. Məsələn, Suriyanın, İraqın ərazi bütövlüyü təmin edilsin. Bu kontekstdə sabitliyi pozan əsas qüvvələr İraqın şimalında olan Bərzaninin muxtar qurumu və Suriyada ölkəni federallaşdırmağa çalışan YPG qüvvələridir. Həmin qüvvələr həmçinin, Türkiyə ərazisindəki kürdlərlə, yəni PKK terrorçuları, habelə İrandakı kürd qüvvələri ilə də əlaqəlidirlər. Məqsədləri isə bölgədə sərhədlərin yenidən biçilməsinə nail olmaqdan ibarətdir. Türkiyə isə qəti surətdə bu məsələnin əleyhinədir. Eləcə də bölgədəki qüvvələr – Suriya, İraq və İran da bölgədəki status-kvonun dəyişdirilməsini istəmirlər. Bu məsələdə əsas hərəkətverici qüvvə rolunu Türkiyə oynayır.

– Demək, Türkiyənin əsas narahatlığı Suriya və İraq ərazisində yaradılması planlaşdırılan kürd dövləti ilə bağlıdır...

– Əsas narahatlıq budur. Eyni zamanda həmin qüvvələr Türkiyə ərazisindəki kürdlərlə qırılmaz surətdə bağlıdırlar. Məsələn, PKK qüvvələri YPG ilə əlaqəlidirlər. PKK Qəndildə əsas qərargahları qalmaqla yanaşı İraq ərazisindəki Sincan bölgəsinə doğru da irəliləyib. Bura Bərzaninin muxtar qurumuna yaxın ərazidir. Amma Bərzani əvvəl Kərkük ərazisinə daxil olan Sincanı indi öz muxtar vilayətinin tərkibinə qatıb. Bax, belə bir xətt görünür ki, kürdlər öz aralarında bir-birini bağlayan ümumi ərazinin formalaşdırılması istiqamətində səylər göstərirlər. Bu səylər isə ayrı-ayrı dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran addımlardır. Ona görə də bölgədə detonator rolunu Bərzaninin ideyası, xüsusilə onun sentyabr ayında müstəqillik referendumu keçirməsi ideyası təşkil edir. Bu ideya da təbii ki, bütün kürdlər tərəfindən dəstəklənir. Amma bu ideyanın əleyhinə iri dövlətlər, bölgə dövlətləri də çıxır.

– Xüsusilə, ABŞ-ın, Avropanın aparıcı ölkələrinin və Rusiyanın bu məsələyə dair mövqeyi maraq kəsb edir...

– Əməliyyat məsələsində mövqelər haçalanır. Burda iki mövqe var. Bir mövqe ABŞ-ın başçılığı ilə 45 dövlətin daxil olduğu koalisiya qüvvələridir. Çox qəribədir ki, Türkiyə bu koalisiyanın üzvüdür. Digəri isə Rusiyanın başçılığı ilə yaradılan qüvvələrdir. Türkiyə burada da fəal iştirak edir. Bu qüvvələr Rusiya Hərbi-Hava Qüvvələrinin bəzi reydləri istisna olmaqla son zamanlar hərbi əməliyyatları demək olar ki, dayandırıblar. Rusiya və Türkiyə bölgədə həm uçuşa qadağa, həm də atəşkəs rejimi elan edilmiş bölgələr yaradılmasına səs verdilər. Bu istiqamətdə də Türkiyə və Rusiya birgə addımlar atır, birgə hərəkət edirlər. Bu günlərdə Astanada Suriyada sülhün bərqərar edilməsi və ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasına dair beçinci görüşün keçirilməsi planlaşdırılır. Bu istiqamətdə də əsas ağırlıq Rusiya və Türkiyənin üzərinə düşür. Amma ABŞ Astana prosesi adlanan bu proseslərdə iştirak etmir. Sadəcə olaraq səfirlik səviyyəsində nümayəndə heyəti göndərməklə kifayətlənirlər. Onu da deyək ki, Qərbi Avropa dövlətləri də bu məsələdə Amerikanın mövqeyinə yaxın, yaxud onunla üst-üstə düşən mövqe nümayiş etdirirlər.

– Türkiyənin Afrində aparmağı planlaşdırdığı bu əməliyyatın “Fərat qalxanı” əməliyyatı ilə oxşar və fərqli cəhətləri nədən ibarətdir?

– Məsələ ondadır ki, Amerika Türkiyənin bu əməliyyatları keçirməsinin əleyhinədir. Elə Rəcəb Tayyib Ərdoğanın Donald Trampla telefon danışıqlarında müzakirə edilən məsələlərdən birinin də bu olduğu ehtimal edilir. Çünki müxalif Azad Suriya Ordusu ölkənin daha böyük hissələrində hərbi əməliyyatlar keçirmək və həmin əraziləri özününkü etmək perspektivlərini qarşıya qoyub. Türkiyə bu məsələdə Azad Suriya Ordusuna hər cür yardım göstərir. Onu da deyək ki, Afrin əməliyyatında Azad Suriya Ordusunun böyük hissələrinin iştirak etməsi ilə yanaşı Türkiyə havadan ona güclü dəstək verəcək və Türkiyənin moto-atıcı diviziyalarından ikisi bu istiqamətdə yerləşdirilib. Əgər Azad Suriya Ordusu müəyyən çətinliyə düşərsə Türkiyənin quru qoşunları da, yəni həmin moto-atıcı diviziyalardan müəyyən hissələr döyüş meydanına daxil olacaq. Bütövlükdə ərazinin daim atəş altında saxlanılması, məsələn, uzaqvuran toplardan istifadə edilməsi, tankvuran və özüyeriyən haubitsaların bu istiqamətdə hərəkəti Türkiyə Hərbi-Hava Qüvvələrinin qırıcılarının aktiv əməliyyat ilə birləşdiriləcək. Nəticə etibarilə güclü atəş mövqeyi yaradılacaq. Zənnimcə, budəfəki əməliyyatlar çox şiddətli və nəticəsi müsbət olan, Azad Suriya Ordusunun mövqelərini möhkəmləndirən bir əməliyyat olmalıdır. Çünki həm döyüşçülərin sayı, həm döyüş əzmi, həm də döyüş texnikası baxımından onlar kürdlərin qüvvələrini üstələyirlər. Mən güman edirəm ki, Amerikanın bölgəyə heç əli çatmayacaq. Düzdür, artıq kürdlərin geri çəkilməsi barədə məlumatlar daxil olur. Guya kürdlər Türkiyənin etdiyi qəzəbli çağırışlardan sonra sərhədlərdən uzaqlaşmağa başlayıblar. Amma bütün bunlar situasiyanı dəyişdirmir. Nəticə etibarilə hərbi əməliyyatların nə zaman başlayacağı barədə fikir söyləmək də çətinləşir. Çünki Astana görüşü ərəfəsində bu hücum əməliyyatının başlaması bir qədər əvvəl əldə edilmiş razılaşmaların ruhuna uyğun gəlməyə də bilər. Yaxud, Astana görüşündə diplomatik danışıqlardan istifadə edərək Azad Suriya Ordusu hücuma keçə və bu zaman Türkiyənin müəyyən qüvvələri həmin ordunun hücumuna dəstək verə bilər. Bir sözlə, Suriya kürdlərinin bölgədəki qarışdırıcı rolu, təkəbbürlü davranışları artıq Türkiyəni belə bir addım atmağa məcbur edib. Həm də onlar əvvəl yaşamadıqları yerlərə iddia etdikləri və həmin yerləri qəsb etdikləri üçün Azad Suriya Ordusu onları bu torpaqlardan vurub çıxarmaq niyyətindədir. Güman edirəm ki, buna da nail olacaqlar.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər