Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iyulun 3-dən 4-nə keçən gecə saat 3.30 radələrində Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada yanğın baş verib. Yanğın binanın bloklarından birinin 5-ci mərtəbəsində 4 mənzilini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün müvafiq tədbirlər görüblər.
Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti dərhal həyəcan siqnalı ilə yanğın baş verən ünvana gəlib, rəhbərliyin göstərişi ilə orada yaşayan sakinlərin təxliyyə olunması və təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri tədbirlər görülüb, müvafiq postlar qoyulub.
Alovun daha da gücləndiyi vaxtda həmin mərtəbədəki mənzillərdən birində 2 qadının köməksiz vəziyyətdə qalması polis əməkdaşlarının gözündən yayınmayıb. Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot dərhal qatı tüstünün bürüdüyü pilləkənlərlə qalxaraq özünü onların köməyinə çatdırıb. Qadınların tüstüdən boğulmaması üçün aşağıdan özü ilə götürdüyü isladılmış dəsmalla onların tənəffüs orqanlarını bağlayıb, ikisini də çiyninə alaraq çətinliklə olsa da aşağı çatdıra bilib.
Tüstüdən xilas olan qadınlardan birinin vəziyyəti daha da ağırlaşıb. Astma xəstəliyindən əziyyət çəkən həmin qadının dərmanı (aerozol) evdə qaldığı üçün Ə.Dərxot ikinci dəfə həmin mənzilə qalxıb və dərmanı gətirib. Lakin dərmanı qadına verən anda o özü huşunu itirib.
Dərhal Təcili Tibbi Yardım maşını ilə Ə.Dərxot Respublika Toksikologiya Mərkəzinə çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Onun həyatı təhlükəsi aradan qaldırılıb, müalicəyə ehtiyacı olduğu bildirilsə də, növbəti gün Ə.Dərxot öz istəyi ilə yenidən xidmət başına qayıdıb.