18 İyul 2017 10:06
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada Azərbaycan Dəmir Yolları QSC-nin cədri Cavid Qurbanov ilə Rusiya Dəmir Yolları ASC-nin prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib.

Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf.com-a daxil olan məlumata görə, görüşdə yük və sərnişin daşımalarının inkişafı üzrə təkliflər, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, Rəşt-Astara (İran) dəmir yolunun tikintisi, eləcə də müxtəlif layihələrin reallaşması üzrə qarşılıqlı dəstək və digər məsələlər müzakirə edilib.

İkitərəfli görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlərdən danışılıb. C.Qurbanov bildirib ki, Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib, Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi artıq başa çatıb. Həmçinin, sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib: "Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir. Bu istiqamətdə də işlər davam edir".

C.Qurbanov qeyd edib ki, Azərbaycan və İran dəmir yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı” layihəsi üzrə müqavilə də imzalanıb. Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin Azərbaycan Dəmir Yolları QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir. Müqaviləyə əsasən, Azərbaycan Dəmir Yolları QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.

O.Belozyorov Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildirib.

Görüşdə Azərbaycan tərəfinin təklifi ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarının həcminin artırılması məqsədilə, mərkəzi Bakı şəhərində olmaqla Əlaqələndirmə Şurasının yaradılması barədə razılıq əldə olunub.

Görüşün sonunda ADY QSC ilə RDY ASC arasında “Dəmir yolu ilə beynəlxalq yük daşımalarında məlumatların elektron mübadiləsi haqqında” saziş imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər