Teleqraf.com xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.
Bildirilir ki, qədim köklərə malik azərbaycanlılar adət və ənənələrinə görə ərəblərə ən yaxın xalqdır. Məqalədə Avropada bariz müsəlman ölkələrindən biri olan Azərbaycanda Ramazan bayramının böyük coşqu, sevinc və təmtəraqla qeyd edildiyi vurğulanır. Müqəddəs bayramda at yarışlarının keçirilməsi bayram şənliklərinə xüsusi ovqat bəxş edir.
Məqalənin müəllifi, qəzetin baş redaktoru Əhməd Mitşu yazır ki, Ramazan ayı Azərbaycan xalqının mədəni irsində qədimdən silinməz izlər buraxıb. İftar zamanı evlərdə süfrə açılarkən gözlənilmədən gələ biləcək qonaq da nəzərə alınır, gələr-gəlməz onun üçün masaya əlavə boşqab qoyulur. Müəllif iftar süfrəsində yer alan dolma, qovurma, çığırtma, plov kimi Azərbaycan xörəklərini təsvir edir, xüsusi ilə Bilgəh qəsəbəsində yetişdirilən və qoxusuna görə dünyada xüsusilə tanınan zəfəran ilə hazırlanan plov çeşidləri barədə məlumat verir.