Bu sözləri tanınmış şərşünas alim Nəriman Qasımoğlunun namaz və duaların ana dilində oxunması ilə bağlı irəli sürdüyü təklifə münasibət bildirərkən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Teleqraf.com-a bildirib.
O, namazın ərəb dilində oxunmadığı halda ilahi ahəngin pozulacağını deyib:
“İnsan dua oxuyan zaman Allaha ürəyindən keçən sözləri deyir. Duanı insan öz ana dilində oxuya bilər. Amma namazın hansı dildə oxunmasına yanaşma fərqlidir. Namaz vacib ibadətdir və namazda Quran ayələri oxunur. Bunların isə orijinal şəkildə, yəni peyğəmbərə nazil olunmuş formada oxunması mütləqdir. Lakin namaz qılan insan o sözləri ərəbcə də desə, tərcüməsini bilməli, nə dediyini anlamalıdır. Çünki insanın ibadətinin qəbulu onun öz ibadətinin mahiyyətini anlamasına bağlıdır. Qısacası Qurani-Kərimin ərəb dilində oxunması namazın vacib şərtlərindən biridir. Çünki o cümlələrin özünün də quruluşu bir ilahi ahəng təşkil edir. O ahəng pozulmasın deyə, namazın əsas sözlərinin ərəbcə deyilməsi vacibdir. Azərbaycan dilində o ahəng pozulur və peyğəmbərə vəhy olunduğu şəkildə oxunmur. Bütün din alimləri hər zaman ortaq fikirdə olublar ki, namaz ərəbcə olmalıdır. Amma yenə deyirəm, anlamadan ərəbcə namaz qılmaq, dua oxumaq da yanlışdır. Biz hər zaman yas məclislərində də Quran oxuyanlara deyirik ki, mütləq onun tərcüməsini də deyin ki, insanlar söhbətin nədən getdiyini anlasın. Çünki insan dediyi sözün, etdiyi əməlin mənasını anlamırsa, o sözlərin də Allah dərgahında qəbul olunmsı sual altındadır”.
Yazıçı Pərviz Cəbrayıl isə Nəriman Qasımoğlunu dəstəkləyərək, Tanrının dili yox, mənanı və niyyəti qəbul etdiyini söyləyib:
“İnsan Tanrıyla, əlbəttə, ruhunun diliylə danışır. Ancaq o ruhun dilini sözlərlə ifadə etmək gərəkəndə ana südü qədər qutsal olan ana diliylə ifadə edir. Və ana südüylə bəslənmiş dilin daha şirin, daha ürəkdən, daha içdən olacağı, ünvana daha uğurla çatacağı şübhəsizdir. Tanrı dili yox, mənanı, niyyəti qəbul edir, ancaq məna və niyyəti anlamadan söylənilənlərin kəsərinin güclü olacağı qaranlıqdır. Məhəmməd Füzulinin 3 divanı var - türkcə, ərəbcə, farsca. Üçündə də möhtəşəmdir, lakin kim dana bilər ki, o öz ana dilində Tanrıya bir köynək daha yaxın olub...”
Pərviz Cəbrayıl “ilahi ahəng”lə bağlı fikrə də öz əks-arqumentini gətirib:
“Bəziləri Quranın ərəb dilində oxunmadığı halda ilahi ahəngin pozulacağını deyir. Məsələ ondadır ki, Tanrı insanlarla insan dilində, yəni hər hansı bir millətin dilində danışmır. Tanrının bir dili var – iç dili, ruh dili, enerji dili. Sadəcə, peyğəmbərlər hər biri o dili öz dilində qəbul edir və burada hər hansı ilahi ahəngdən söhbət gedə bilməz. İlahi ahəngi biz yaradırıq istedadımıza görə, ilahi məna isə həmişə Tanrıya aiddi. Biz insanlar, şair-yazıçılar, eləcə də peyğəmbərlər sadəcə Tanrını öz dilimizə, bacardığımız səviyyədə tərcümə edirik. Hələ o da başqa məsələdir ki, bu müzakirələr yalnız dinə inananların müzakirə obyektidir. İnanmayanlar və ya Tanrı haqda başqa görüşdə olanlar üçün bu müzakirələrin zərrəcə önəmi yoxdu... Nəriman bəyin bu təklifinə qalınca, inancımdan asılı olmayaraq, onu çox proqressiv hesab edirəm”.
Əməkdar artist Bəhram Bağırzadə isə Nəriman Qasımoğlu ilə razı olmadığını deyib:
“Məncə, Allah-təalanın qoyduğu qanunları pozmağa heç kimin ixtiyarı yoxdur. Mən uşaq vaxtından nənəmdən eşitmişəm ki, namaz ancaq ərəbcə qılınar. Nənəm də öz nənəsindən eşidib. Yəni bu, əsrlər əvvəl də belə olub ki, namaz ərəbcə qılınar. Duanı isə ana dilində oxumaq da olar.
Əgər insan islamı qəbul edir, amma ərəb dilini bilmirsə, heç olmasa, oxuduğu sözlərin mənasını öyrənib başa düşməlidir. İnsan necə dediyi sözün mənasını başa düşmədən onu dilinə gətirə bilər ki? O zaman bu Cəlil Məmədquluzadənin “Ölülər” əsərinə bənzəyər. Fransız gəlib deyir ki, niyə ağlamırsız? Cavab verirlər ki, axı başa düşmürük. O da deyir ki, bəs guya ərəbcə başa düşürsüz?!
İndi bu da elə həmin məsələdir. Həm namaz elə böyük mətn deyil axı. Özünə hörmət edən müsəlman oxuduğu sözlərin mənasını bilməlidir!”
Dini filmlər rejissoru Mahir Dərviş bu halda islamın öz orijinallığını itirəcəyini və müsəlman birliyinin pozulacağını bildirib:
“Nəriman Qasımoğlu bir balaca kosmopolitdi. Bu onun şəxsi düşüncələridir. Mən də ana dilimi hər şeydən çox sevirəm. İnsanın düşüncə ruhunun öz dili var. Duaları ana dilində oxuya bilərik, amma namazı azərbaycanca qıla bilmərik. Çünki bu zaman islamın orijinallığını qoruyub saxlaya bilmərik. Yüzilliklər əvvəl bizanslılar İncili, türklər namazı öz dillərində oxusaydılar, o zaman parçalanma baş verərdi və heç kimə heç nəyi sübut etmək olmayacaqdı ki, bugünkü islam da həmin islamdı, həmin namazdı. Ona görə mən istərdim ki, namaz orijinal dilindən, yəni, ərəbcədən uzaq düşməsin. Çünki bütün dünyanın müsəlmanlarını birləşdirən məhz budur”.
Xatırladaq ki, tanınmış şərşünas alim Nəriman Qasımoğlu bu fikirləri səsləndirmişdi: “İstər dualarda, istər namazda və digər ibadət növlərində, səmimiyyəti təmin edən ən vacib məsələlərdən biri Tanrıya müraciətlərin anlaşıqlı və ana dilində olmasıdır. İmanlı şəxs bilməlidir ki, bilmədiyi ərəb dilində dua etmək Tanrıya milliyyət isnadı kimi yozula bilər. Bu da günaha tay tutulan bir şeydir. Axırı da, şübhəsiz, mahiyyət etibarilə Tanrıdan uzaqlaşmağa gətirib çıxarmalıdır”.