3 Avqust 2017 08:43
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar yanacaqdoldurma məntəqələrindən benzinin keyfiyyəti ilə bağlı heç bir şikayət daxil olmayıb.

Bunu Teleqraf.com-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsi benzinin tərkibini ötən ay yoxlayıb:

“Yanacağın keyfiyyəti Komitənin Təcrübə Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında yoxlanılır. Son sınaqlar ötən ay oldu və benzinin tərkibinin standarta uyğun olduğu təsdiqini tapdı”.

Fazil Talıblı qeyd edib ki, yanacaqdoldurma məntəqələrində yoxlamalar dayandırılıb:

“Bu ilin sonuna qədər sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı qanun qüvvədədir. Bu müddət ərzində yoxlayıcı orqanlar və Standarlaşdırma Komitəsi yanacağın keyfiyyəti ilə bağlı planlı yoxlamalar aparmayacaq. Şikayət daxil olduqda araşdırılma aparılır və nətciələr hüquq-mühafizə orqanlarına göndərilir”.

Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyevin sözlərinə görə, benzinin keyfiyyət ilə bağlı heç bir problem yoxdur:

“SOCAR bütün yanacaqdoldurma məntəqələrinə eyni keyfiyyətdə benzin təqdim edir. Benzinin keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Komitəsinin Təcrübə Sınaq Mərkəzinin mütəxəssisləri tərəfindən dəqiqliklə yoxlanılır. Benzinin keyfiyyətində heç bir problem yoxdur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, sürücülərdən benzinin keyfiyyəti ilə bağlı quruma şikayətlər daxil olur:

“Əhali avtomobilin çəninə vurulan benzinin həcminin monitorda göstərildiyindən 1-2 litr az olması, benzinə su qatılması, hava vurulması, bəzi yanacaqdoldurma məntəqələrində menzurkanın (nümunəvi ölçü qabları) olmamasından şikayət edirlər”.

Qeyd edək ki, son zamanlar yanacaqdoldurma məntəqələrində satılan benzinin keyfiyyətinin aşağı olması ilə bağlı şikayətlər edilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər