7 Avqust 2017 15:24
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün saat 16 radələrində Ağsu rayonunun Padar kəndində canavarlar sakinlərlə hücüm edib.

Bu barədə Teleqraf.com-a açıqlamasında Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Əli Hüseynov deyib.

Onun sözlərinə görə, canavarların hücumu nəticəsində 1 nəfər şəxs xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib:

“Ağsu rayonunun Padar kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin ərazisində canavarların hücumuna məruz qalıb. Dünən saat 16 radələrində xəstəxanaya gətirilib. Hazırda cərrahiyyə şöbəsində müalicə olunur. Vəziyyəti qənaətbəxşdir. Canavar xəstənin sifətinə və hər iki əlinə xəsarət yetirib”.

Məlumata görə, canavarların hücum etdiyi digər şəxs Fikrət Alıyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi İlham Mayılov əməkdaşımıza açıqlamasında bildirib ki, canavarların hücum etməsi ilə bağlı xəstəxanaya heç kim müraciət etməyib.

Kənd sakinlərinə xəsarət yetirən canavarlardan biri sakinlər tərəfindən öldürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyir ki, Nazirliyinin əmrinə əsasən, yerli qurumlara tapşırılır ki, hər hansı bir canavar təhlükəsi ilə bağlı məlumat daxil olarsa, operativ qrup yaradılsın:

“Həmin qrupa icra hakimiyyəti, bələdiyyələr, baytarlıq əməkdaşları cəlb olunur və reydlər keçirilir. Avropada vəhşi təbiətin qorunması haqqında Berlin konvensiyasına Azərbaycan da qoşulduğuna görə canavarın ovlanması və tutulması qadağandır. Biz də həmin öhdəlikləri yerinə yetirik. Canavarın ovlanması birmənalı şəkildə qadağandır. Amma burada istisna hal var ki, canavar insan üzərinə hücum edər, təhlükə yaradarsa, son zəruri tədbir kimi həmin canavar vurula bilər. Belə halda qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyət və digər cinayət növləri şamil edilmir”.

Nazirlik rəsmisi qeyd edib ki, canavarı təqib edən və qəsdən vuran şəxslər cərimə olunur:

“Həmin şəxslər inzibati xətallar məcəlləsinin 272. 300 maddəsinə 1000-2000 manata kimi cərimə olunurlar”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyir ki, xidmətin əməkdaşları canavarların hücum etdiyi əraziyə baxış keçrilib:

“Canavarın insanlara hücum etdiyi ərazi dizinfeksiya olunub. Canavarın başı kəsilərək baytarlıq tələblərinə uyğun olaraq laboratoriya göndərilib ki, quduz olub-olmaması araşdırılsın. Heyvanlara canavarların toxunub-toxunmaması və zərər verib-verməməsi araşdırılıb. Heç bir heyvana zərər yetirilməyib”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər