16 Avqust 2017 14:06
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-2018-ci tədris ili üçün Azərbaycan Dillər Universitetinin (ADU) bakalavr pilləsinin birinci kursuna qəbul olan abituriyentlərin dünəndən sənəd qəbulu başlayıb.

ADU-nun sənəd qəbulu komissiyasının məsul şəxsi Məmməd İsmayılovun Azərtac-a verdiyi məlumata görə, bu il universitetə 36 ixtisas üzrə tələbə qəbulu elan edilib və birinci mərhələdə elan olunan yerlərin 95 faizi dolub. Onun sözlərinə görə, sənəd qəbulunun ilk günü ADU-ya qəbul olan 1333 tələbədən 132-si artıq qeydiyyatdan keçib.

Universitetdə qəbul olunan abituriyentlərin qeydiyyat prosesinin həyata keçirilməsi üçün 19 nəfərdən ibarət qəbul komissiyası yaradılıb. Avqustun 25-dək tələbələr müvafiq sənədlərini universitetə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmrləri ali məktəblərə göndərilməyəcək. Qeydiyyat prosesinin rahat və uğurla aparıldığını söyləyən M.İsmayılov qeydiyyat zamanı universitetin könüllü tələbələrinin abituriyentlərə kömək göstərdiklərini diqqətə çatdırıb.

ADU-ya qəbul olunan abituriyentlər və onların valideynləri öz təəssüratlarını bölüşüblər.

Universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinə 467 balla qəbul olan Yaqut Novruzova bildirib ki, xarici ölkələrə getmək, onların tarixini öyrənmək onun xoşuna gəlir. “Bu universitetdə dil baxımdan biliklərimi artırmaq üçün geniş imkanlar var. Məni imtahana hazırlaşdıran müəllimlərim də bu ali məktəbi məsləhət gördülər”, - deyə Yaqut Novruzova bildirib.

Türkanə Xaspoladzadə ADU-nun təhsil fakültəsinə 419 balla daxil olub. O, Azərbaycan Dillər Universitetində təhsil almağı hər zaman arzuladığını deyib.

Bir sözlə, sənəd qəbulunda iştirak edən valideynlər və tələbələr qeydiyyat prosesindən razılıqlarını bildirib, rahat şəkildə sənədlərini təqdim edib qeydiyyatdan keçdiklərini söyləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər