Kredit təşkilatı dünyasını dəyişən şəxsi məhkəməyə verib.
Teleqraf.com "Xəzər xəbər"ə istinadən xəbər verir ki, tragikomik hadisə Cəlilabadda baş verib. Rayonun Qarazəncir kənd sakini Fayas Bünyatov 2015-ci ildə bank olmayan kredit təşkilatından 1500 manat kredit götürüb. Oğlu Mirbağır Bünyatov da atasına zamin durub. Sənədləşmə zamanı kredit sığorta şirkəti tərəfindən sığortalanıb.
Kreditin müəyyən hissəsi ödənildikdən sonra, 2016-cı ildə Fayas Bünyatov xəstəlikdən dünyasını dəyişib. Mərhumun oğlu ölüm haqqında şəhədətnaməni, eləcə də digər lazımi sənədləri kredit təşkilatına təqdim edib. Lakin bir müddət sonra məlum olub ki, kredit təşkilatı dünyasını dəyişmiş Fayas Bünyatovu məhkəməyə vərib. Hətta bununla bağlı mərhumun evinə məhkəmədən bildiriş də göndərilib.
Lakin sonradan müəyyən dəyişikliklər aparılaraq krədit borcu ödənilmədiyi üçün mərhumun oğlu, eləcə də zamini Mirbağır Bünyatov məhkəməyə verilib. Kredit təşkilatı isə mərhumun qalan 552 manatlıq borcunu zaminə ödətdirməkdə israrlıdlır. Mirbağır Bünyatov isə qalıq borcun sığorta təşkilatı tərəfindən ödənilməli olduğunu deyir.
Məsələ ilə bağlı kredit təşkilatından bildirilib ki, onlar mövcud sənədləri sözügedən sığorta şirkətinə göndəriblər. Lakin hələ ki, naməlum səbəbdən sığorta təşkilatı ödənişi həyata kəçirmir. Qurumdan o da bildirildi ki, mövcud problem hazırda 10-dan artıq müştəri ilə yaşanır. Məsələ ilə bağlı sığorta şirkətinin də mövqeyini öyrənməyə çalışdıq, lakin zənglərə cavab verən olmadı.