Məmur uşaqlarının rezonans doğuran kriminal əməlləri barədə qanun çərçivəsində mübarizə aparılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, məmur uşaqlarının rezonans doğuran kriminal əməlləri artıq sistemli xarakter alıb:
“Hətta onlara aid nəqliyyat vasitələrini xüsusi təhlükə mənbəyi kimi fərqləndirənlər də çoxalır. Məncə, bununla bütün istiqamətlərdə ilk növbədə qanun çərçivəsində səmərəli mübarizə olmalıdır. Məsələn, cinayət və cinayət-prosessual qanunvericilikdə belə bir qəti tələb var ki, konkret kriminal hadisəni araşdıran müstəntiq, prokuror və ya hakim onun törədilməsinin səbəb və şəraitini də aydınlaşdırmalıdır (CPM-in 221-ci maddəsi və s.). Bu zaman həmin səbəb və şərait fərqli hüquq pozuntuları ilə bağlı olduqda, onlar da müvafiq hüquqi prosedurlara uyğun araşdırılmalı və hüquqi qiymət verilməlidir”.
Ərşad Hüseynov qeyd edib ki, qanunun bu tələbi konkret hal üçün o deməkdir ki, həmin gülbalaların avtomobil kolleksiyasının mənbəyi, onların belə dədbdəbəli həyat tərzinin digər elementləri də hüquq müstəvisində araşdırılmalıdır: “Əminəm ki, bu edilsə, həmin şəxslərin avtomobil kolleksiyasının müsadirəsindən tutmuş onları hərtərəfli himayə edərək gülbalaya döndərənlərin korrupsiya cinayətlərində ittiham edilməsinədək çox şeyə şahid olarıq”.