7 Sentyabr 2017 11:46
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki yüz il əvvəl Şərqə üz tutmuş şvab almanları Azərbaycanda xoş məramla qarşılanıblar.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” silsiləsindən növbəti tədbirinin qonağı olarkən bildirib.

O qeyd edib ki, Azərbaycanda məskunlaşmış yüzlərlə alman ailəsi Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edib, o cümlədən ölkəmizdə şərabçılıq ənənələrinin əsasını qoyublar. R.Həsənov Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncam əsasında tədbirlər planının hazırlandığını, həm Azərbaycan, həm də Almaniyada bir sıra tədbirlərin keçirildiyini və sözügedən yubileyin sentyabrın 19-da Parisdə YUNESKO-nun mənzil-qərargahında təntənəli şəkildə qeyd ediləcəyini bildirib.

R.Həsənov Azərbaycanda alman dilinə marağa dair verilmiş suala cavab olaraq Azərbaycanda alman dilinin həm orta, həm ali təhsil ocaqlarında tədris olunduğunu, Azərbaycan gənclərinin alman dilini öyrənməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib. O, eyni zamanda bildirib ki, bir müddət əvvəl Almaniya Bundestaqı Azərbaycanda Höte Mərkəzinin açılmasına dair qərar qəbul edib və mərkəzin bu il açılacağı gözlənilir. Səfir Azərbaycanda alman dilinin tədrisinin iki ölkə arasındakı münasibətlərin gələcəyinə qoyulan yaxşı investisiya olduğunu vurğulayıb və bu baxımdan ölkəmizdə Höte Mərkəzinin açılmasının əhəmiyyətli hadisə adlandırıb.

Tədbirdə Almaniyanın dövlət qurumlarının, siyasi, iqtisadi, mədəni və elmi dairələrinin, Almaniyadakı Azərbaycan diasporunun, Berlində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları və mətbuat təmsilçiləri iştirak edib.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər