Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu elə bir vaxtdır ki, valideynin də, uşağın da yeni tədris ili üçün həyacanları artır. Övladını məktəbə yola salacaq valideynlər məktəb üçün alış-veriş edirlər.
Teleqraf.com-un əməkdaşı məktəbli yarmarkasında qiymətləri öyrənmək üçün “Nəriman Nərimanov” metro stansiyası yaxınlığında yerləşən yarmarkalara baş çəkib...
Burada məktəbli ləvazimatlarının satışı üçün dörd çadır düzəldilib. İlk olaraq yarmarkaların birində oğluna çanta alan xanımla söhbətləşdik.
Səriyyə Rəsulova deyir ki, qiymətlər ötən ilə nisbətən bahadır: “İki övladım var. Biri ikinci, digəri isə 4-cü sinfə keçir. Bu il uşağın birinə çanta almayacam. Keçən il 50 manata almışdım. Keyfiyyətli çıxdı. İndi də digər uşağıma 45 manata çanta aldım. İki il götürər. Keyfiyyətsiz mal alanda ilin yarisinda yenidən alış-veriş etmək məcburiyyətində qalırsan”.
Məktəbli yarımarkasında alıcıların azlığı da diqqət çəkir. Elə satıcılar da alıcılıq qabiliyyətinin aşağı olmasından gileyləndilər.
Satıcı Raul Məmmədov deyir ki, alıcılar daha çox 15 manatlıq çanta alır: “Ən ucuz çantanı 15 manata satırıq. Valideynlər də daha çox 15 manatlıq çanta alırlar, çox az halda bahalı çanta satırıq. Bir neçə gün ərzində bir xanım 45 manata çanta aldı. Qiymətlərimiz normaldır, amma alver zəifdir. Gün ərzində 4-6 dənə çanta satırıq”.
Yarmarkada qiymətlərə gəlincə isə məktəbli çantası 15-70, 12 vərəqli dəftər – 15 qəpik, 40 vərəqli dəftər – 28 qəpik, 100 vərəqli dəftər - 65 qəpik, qələmlər 10- 50 qəpik, stol üstü qələmlər – 2 manat, sadə karandaşlar 10 qəpik, yemək qabı 3 - 9 manat, müxtəlif test kitabları, əlavə tədris vəsaitlərinin hət biri 3-5 manata, rəngli karandaşların qiyməti 2-8 manat, su qablarınin qiyməti 4-9 manat arasında dəyişir.
Digər çadırların birinin satıcısı Fərrux Ələkbərli deyir ki, gün ərzində az da olsa, alış- veriş edənlər olur: “Qiymətlərimiz çox bahalaşmayıb. Valideynlər gəlib, baxır və gedirlər. Yəqin daha ucuz yer axtarırlar. Elə valideyn var ki, çantaların qiymətində endirim istəyir. Axı, aldığımız malı aşağı qiytmə satmaq bizə də sərf etmir”.
Yarmarkalarda məktəbli qızların saçlarına vurmaq üçün saç lenti də satılır. Qiymətlər 1- 3 manat arasında dəyişir.
Rəna adlı alıcı deyir ki, bir qızı məktəblidir: “Çanta almışam. Bu il bahalı çanta aldım. Keçən il ucuz aldım. Cəmi iki ay məktəbə götürdü. Çanta cırıldıqdan sonra məcbur olub, yenisin aldım. Yəni, iki qat ziyana düşdüm. İndi də gəlmişəm dəftər, qələm, saç lenti və su qabı alım”.
Satıcı Əli Quliyev isə deyir ki, qiymətlər ötən ilə nisbətən cüzi də olsa, qalxıb: “Ötən illərə nisbətən az da olsa, qiymətlərimiz qalxıb. Fərq bütün məktəb ləvazimatlarında var. Bir valideyn bir uşaq üçün məktəb ləvəzımatları alırsa, ortalama bu rəqəm 150-170 manata başa gəlir. Nəzərə almaq lazımdır ki, bəziləri iki və üç uşağa alış-veriş edir. Çalışdığım qədər endirim edirəm. Çünki mən özüm də valideynəm və üç uşağım məktəbə gedir”.
Məktəbli yarmarkaları sentyabr ayının 25-ə kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, məktəblilərin Təhsil Nazirliyi tərəfindən kitablarla pulsuz təmin olunması valideynlərə köməkdir. Amma bununla yanaşı iş dəftərlərini almaq da müəyyən vəsait tələb edir. Onların qiyməti 3-5 manat arasındadır.
Bakı Tikiş Fabriki tərəfindən tikilən məktəbli geyimləri aşağı sinif şagirdləri üçün 40 manat, yuxarı sinif şagirdləri üçün isə 46 manata satılır.
Satıcılar və alıcılarla söhbətimizdən məlum oldu ki, bir uşağın məktəbə başlaması üçün lazım olan dərs ləvazimatları 150-170 manat arası dəyişir. Təbii ki, buraya məktəbli geyimləri daxil deyil. Geyimlərin qiymətini daxil etdikdə, bir uşağın məktəbə getməsi üçün valideynə 250 manatdan çox pul lazımdır.
Foto: Elçin Murad