11 Sentyabr 2017 12:32
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:19

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli və 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəblərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məktəbin binasında görülən işlər barədə məlumat verib.

Məktəbin əsas korpusu 1960-cı ildə, ikinci korpusu isə 2007-ci ildə inşa olunub. Hər iki korpusda yenidənqurma işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Məktəbdə 53 sinif, 2 informatika otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman və akt zalları, hərbi otaq və kitabxana var. Təhsil ocağında, həmçinin “Sağlam təhsil” və tibb otaqları da yaradılıb. Sinif otaqlarının hamısı zəruri tədris vəsaitləri ilə təchiz edilib. Hazırda məktəbdə 1180 şagird təhsil alır. Təhsil müəssisəsində şagirdlərin idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. Təmir işləri çərçivəsində idman zalı və idman meydançası da yüksək səviyyədə yenidən qurulub.

Yenidənqurma zamanı 239 nömrəli məktəbin həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.

Məktəbin binasında yaradılan şəraitlə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.

***

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbin binasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Bildirildi ki, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Burada da əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Məktəbin ikimərtəbəli binasında 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir. Təhsil müəssisənin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Bundan başqa, təhsil ocağının informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına veriləcək. Məktəbin tədris proqramına, ümumilikdə, 900 şagird cəlb edilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər