Sabirabad rayonunun Həşimxanlı kənd sakini Səma Aqşin qızı Əsədli xəstəxanaya çatdırılanda artıq ölmüşdü.
Bu barədə Teleqraf.com-a Şirvan şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib:
“Babası 5 yaşlı Səmanı qucağında xəstəxanaya çatdırdı. Həkimlərin köməyinə ehtiyac qalmadı, çünki uşaq artıq ölmüşdü”.
Xəstəxanadan bildirilib ki, ölümün səbəbini dəqiqləşdirmək üçün uşağın meyiti Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib. Hazırda körpənin nəşi evlərinə gətirilib. Hələ ki, dəfn edilməyib.
Kənd sakinlərindən Teleqraf.com-a bildiriblər ki, körpənin anası səhər saatlarında onu yatızdırıb və qonşuya gedib. 10-15 dəqiqədən sonra evinə qayıdan ana körpəsinin öldüyünü görüb.
Bildiriblər ki, vəfat edən azyaşlının adı bu il məktəbəqədər orta təhsilə yazılıb. O, okrtabrın 1-dən hazırlığa gedəcəkdi.
Qeyd edək ki, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da qıcolmadan ölüb.
Faktla bağlı Sabirabad rayon Prokurorluğu araşdırma aparır.