Bir çox faktorlara mütəmadi nəzərat etsək, bizə verilmiş imkanlar çərçivəsində ürəyimizi qoruya bilərik.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Dünya Ürək Günü” ilə əlaqədar danışan Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının kardioloqu Fuad Səmədov bildirib.
Həkimin sözlərinə görə, hər bir insan erkən yaşlarından sağlamlığına fikir verməlidir: “50 yaşdan sonra bir insanın sağlamlığını düşünməsi, qismən gecikmiş tədbirdir. Ürək-damar xəstəliklərinin azaldılması hədəflənirsə, buna gənc yaşlardan, hətta uşaqlıq dönəmindən başlamağımız lazımdır. Ürək xəstəlikləri riskini artıran başlıca amillər siqaret çəkmə və digər zərərli vərdişlər, düzgün qidalanmama, artıq çəki, passiv həyat tərzidir.
Bu risk faktorları ilə fərd və xalq olaraq mübarizə apara bilsək, gələcəkdə bir çox xəstəliyin qarşısını ala və ya gecikdirə bilərik. Siqaret çəkən şəxslərdə miokard infarktı riski çəkməyən yaşıdları ilə müqayisədə 5 dəfə artıb.
Əgər yaxın qohumlarda infarkt keçirmiş şəxslər varsa və ya həmin şəxsdə şəkərli diabet və ya təzyiq xəstəliyi də olarsa, bu risk həddən artıq yüksəlir”.
2000-ci ildən etibarən hər il 29 sentyabr Dünya Ürək Federasiyasının təşəbbüsü ilə “Dünya Ürək Günü” kimi qeyd olunur. “Dünya Ürək Günü”nün keçirilməsində əsas məqsəd əhalini ürək-damar xəstəlikləri barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla həyata keçirilməsindən ibarətdir.