Ötən bir il ərzində prokurorluq orqanlarının 59 işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 40 nəfərə töhmət və şiddətli töhmət verilib.
Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, 3 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 4 nəfər prokurorluq orqanlarından xaric olunub, 4 nəfərə isə irad tutulub.
Z.Qaralovun sözlərinə görə, ötən bir il ərzində 294 prokurorluq işçisinin iş yeri dəyişdirilmiş, onlardan xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 105 nəfər yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilmişdir. 156 nəfər eyni təsnifatda olan vəzifələrə, 33 nəfər isə müxtəlif əsaslarla aşağı təsnifat vəzifələrə təyin edilmişlər. Bu müddət ərzində xidməti qaydada həvəsləndirilmiş 144 prokurorluq işçisindən 5 nəfəri “Prokurorluğun fəxri işçisi” döş nişanına layiq görülmüş, 63 nəfər fəxri fərmanla təltif edilmiş, 31 nəfərə mükafatlandırma qaydasında rütbə, 1 nəfərə pul mükafatı verilmiş, 2 nəfərin intizam tənbehi üzərindən götürülmüş, 42 nəfərə isə təşəkkür elan edilib.
Baş prokuror qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq gənc hüquqşünasların işə qəbulunu keçirmək məqsədilə 15 avqust 2017-ci il tarixdə növbəti 18-ci müsabiqə elan edilməklə hazırda sənədlərin qəbulu həyata keçirilir: “Ümumilikdə 2002-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (Dövlət İmtahan Mərkəzi) ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Baş Prokurorluğu üzrə 10 və NM-nın Prokurorluğu üzrə isə 7 müsabiqə keçirilməklə başa çatıb. Həmin müsabiqələr nəticəsində 780 namizəd prokurorluq orqanlarına qulluğa qəbul edilib. İslahatlara qədərki dövrdə prokurorluq orqanlarında qulluq keçən 30 yaşınadək işçilərin sayı prokurorluq əməkdaşlarının cəmi 3 faizinə bərabər olduğu halda qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi nəticəsində gənc prokurorluq əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə artaraq hazırda prokurorluq işçilərinin 65 faizini təşkil edir”.