Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra yüzlərlə azərbaycanlı ailəsi vətənlərindən didərgin düşdü. Zülmə, işgəncəyə, təhqirə etiraz edən bu insanlar bəzən canlarını qurtarmaq üçün Arazın soyuq sularına atıldılar, bəzən tikanlı məftillərin arasından sürünərək getdilər, bəzən isə illərlə köç edə-edə Türkiyəyə sığındılar.
Bu insanların arasında siyasətçilər, hərbçilər, müəllimlər, mühəndislərlə yanaşı, sadə kəndlilər də vardı. Onlar yenidən İrəvana, Qazaxa, Şəkiyə və digər bölgələrə qayıdacaqlarını düşündükləri üçün uzun illər Türkiyənin əsas şəhərlərinə getmədilər. Mədəniyyətləri, adət-ənənələri, yaşayışları onların həyatından fərqlənməyən Qars, İqdır, Ərdəhan, Amasya və digər şəhərlərə yerləşdilər. Bəziləri qısa zamanda Ağrı dağının yenidən o üzünə, Araz çayının digər sahilinə gedəcəklərini düşündülər.
Amma olmadı, bolşevik zülmü 71 il davam etdi. Bu insanlar zaman keçdikcə bolşeviklərin hələ uzun illər Azərbaycanı əsarətdə saxlayacaqlarını düşündükləri üçün tədricən Türkiyənin əsas şəhərlərinə - Ankaraya, İstanbula yerləşməyə başladılar. Əlbəttə ki, bir qismi Qars, İqdır, Amasyada qaldılar.
Azərbaycanı tərk etməyə məcbur qalan bu insanlar vətən həsrəti ilə yaşadılar, öldülər. Amma övladlarına son günlərinə qədər Azərbaycandan danışdılar, dəyərlərini ötürdülər.
Onların övladları Azərbaycan davasına sahib çıxdılar. Çünki atalarından eşitdikləri, gördükləri sevgi o qədər çox idi ki, uşaq ikən gördükləri vətənlərini, bəlkə də, atalarından daha çox sevirdilər. Zamanla onlar Türkiyə vətəndaşı oldular, burada təhsil aldılar, müxtəlif sahələrdə işlədilər.
Artıq ikinci nəsil də yaşlaşıb, çoxu aramızdan ayrılıb. Atalarından canlı olaraq Azərbaycanı dinləyən bu nəsil indi də vətənləri üçün canla-başla xidmət edirlər. Atalarının çatmadığı arzulara çatıblar, 1991-ci ildən sonra Azərbaycanı görmək, yurdlarına qovuşmaq onlara nəsib olub. Hazırda Türkiyədə yaşasalar, fəaliyyət göstərsələr də, hər fürsətdə Azərbaycana, buranın vətəndaşlarına dəstək olurlar.
Necə deyərlər məcbur gedənlər könüllü gələnlərə dəstək olurlar.
Əlbəttə, bu işin mənəvi həzzi var, onlar heç bir mənfəət güdmədən Azərbaycandan gələn insanlara dəstək olurlar. Çünki vətəndən ayrı yaşamağın nə olduğunu bizdən daha yaxşı bilirlər.
***
Ötən bazar günü bu insanların toplaşdığı bir məclisə dəvət olundum. Məclisdə Qarsdan, İqdırdan olan azərbaycanlılar vardı. Onların bir araya toplanma səbəbləri isə İstanbulda azərbaycanlı qız tələbələr üçün yurd yerinin (yataqxana) açılışı idi.
İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə bu şəhərdə azərbaycanlı tələbə qızların münasib qiymətə yaşamaları üçün 10 nəfərlik tələbə yurdu açılıb. Bu yurdun bütün əşyalarının alınması, lazımi şəraitin təşkil edilməsini isə mühacirlərin övladları həyata keçirib.
İstanbulda qız tələbələrin təhlükəsiz şəraitdə yaşamaları olduqca önəmli məsələdir. Bu baxımdan bu insanların belə bir işə dəstək olmaları təqdirəlayiq addımdır.
Məclisdə iştirak edərkən bir-bir onların həyat hekayətlərini də dinlədim. Onlar bizə atalarının Azərbaycanı necə tərk etmələrindən danışdılar. Bu maraqlı həyat hekayətlərini təqdim edirik.
***
“Atam dedi ki, qapı açılsa...”
“Biz türkün xasıyıq, mədəniyyətin doğduğu yerlərdən gəlmişik”, - deyə sözə başladı Hüseyn Alagöz. Sonra atalarının həyatını danışdı: “Mənim babalarım Şəkidən olub. Zamanla gəlib Gözəldərəyə yerləşiblər.
Gözəldərə Alagöz dağlarının ətəyində yerləşən bir kənddir. 1917-ci il rus inqilabına qədər bizimkilər orada yaşayıblar. Düşünüblər ki, nə fərqi var ki, Nikolay getdi, başqası gələcək, biz həyatımıza davam edək. Amma xəbər gəlib ki, kəndi təcili boşaldın, ermənilərin Daşnak partiyasının militanları hücum edib, qətliam törədəcəklər. 1918-ci ilin 10 martında kəndlərini tərk ediblər. O zaman qış daha şiddətli, qarlı boranlı idi.
Gözəldərə Böyük və Kiçik Gözəldərədən ibarətdir. Kiçik Gözəldərədən bir kəndlinin övladı yolda atışma nəticəsində yaralanıb. Atası deyib ki, bu qarda övladımı həlak olmağa qoymaram, geri dönəcəyik. Onlar dönüblər. Bizimkilər isə davam ediblər. 15 gün sonra ermənilər dönənlərin kəndlərinə hücum edib, insanları qətlə yetirib, axura doldurub yandırıblar. Alagöz dağları ilə Qarsın arası piyada getsən, iki günlük yoldur. Amma bizimkilər 1918-dən 1921-ci ilə qədər oralarda dolaşıblar. Atam danışırdı ki, Pəmbək, Axalkələk və başqa yerləri dolaşdıq. Çünki Qars da erməni işğalında idi, birbaşa oraya getsəydilər, öldürüləcəkdilər. Allah rəhmət eləsin, Mustafa Kamal və Kazım Qarabəkir paşalar sayəsində Qars işğaldan azad olundu. Təxminən 1921-ci ilin əvvəlində ailəmiz Qarsa gəlib. Burada yaşamağa başlayıb. Soyadımız Alagöz dağının adından gəlir.
Türkiyədə soyad alanda atam məmura deyib ki, Gözəldərə yaz. Məmur bildirib ki, o soyadı başqası aldı. Deyir, o zaman Eleyez yaz. Alagöz dağına bizimkilər Eleyez deyirdilər. Məmur deyib ki, oranın adı rəsmi Alagözdür. Beləcə, Alagöz soyadını alıblar. Atamın adı Salman idi.
Mən özüm 1989-da Qarsdan İstanbula gəlmişəm. Hazırda Ankara, İstanbul və İzmirdə Qarsdan daha çox qarslı var. Bizə xəyal kimi gəlirdi. Atam deyirdi ki, əgər o qapı açılsa, bir gün də burda dayanmaram, kəndimizə dönərəm. Bizim üçün imkansız bir şey idi. İnanmırdıq ki, bir gün SSRİ dağılacaq, biz Bakıya, Şəkiyə, Gəncəyə gedə biləcəyik. Allaha şükürlər olsun ki, bu neməti dada bildik, bu günləri gördük.
Azərbaycanda yaşayan insanlarımızla bizlər bir-birilərimizə möhtacıq, eyni yurdun övladlarıyıq. Mən İstanbul Azərbaycan Kültür Evinin rəhbəri Hikmət bəyə təşəkkür edirəm ki, belə bir layihəni təqdim etdi.
Azərbaycandan gələn tələbələrin burada sıxıntı çəkmələri, pərişan olmaları bizi üzər. Ona görə də bu işə dəstək olduq. Bu bir başlanğıcdır, daha gözəl işlərə imza atacağıq. Heydər Əliyevin də dediyi kimi, bir millət, iki dövlətik. Bunu əməllərimizlə də göstərməliyik. Biz başqası deyilik, eyni vücudun parçalarıyıq. Bəziləri çəkdikləri sıxıntıları indi unudublar. Unutmamalıyıq, sıxıntı çəkənlərə dəstək olmalıyıq”.
“Oğlum dərs demək üçün Azərbaycanı seçdi”
Mühacir Əli Aşan isə bunları danışdı: “Atam 1919-cu ildə İrana gəlib. Bir müddət Xoyda qalıblar. Atatürk cümhuriyyəti elan etdikdən sonra Qarsa yerləşiblər. Atam Qurban kişi Ağbabanın Daşkörpü kəndindən gəlib. Onun atasının adı isə Süleyman olub.
Anam isə Gümrüdən olub. Ailəmiz çox əziyyət çəkib. Allah rəhmət eləsin, bir dayım vardı, o bizə kömək etdi, onun sayəsində korluq çəkmədik. Azərbaycanlı olduğumuzu unutmamışıq, uşaqlarımızı da Azərbaycana sevgi ilə böyüdürük. Mənim oğlum ilk dərsini Bakıda universitetdə verdi. Ona deyirdim ki, oğlum, Qarsda işlə. O da deyirdi ki, axı, sən özün deyirdin ki, baban həmişə ağlayırdı ki, bir daha oraları görə biləcəyəmmi. Mən də babamın xatirəsinə görə ilk dərsimi Bakıda verəcəyəm. Oğlum iqtisadçıdır. Özüm də Bakıya, Gəncəyə getmişəm. Azərbaycanda da dostlarım var. Özüm İstanbula 1966-cı ildə gəlmişəm. Ticarətlə məşğul oluram”.
“Gəncədən furqon gəlir...”
Cəmil Akçay dədəsindən bir xatirə bölüşür bizimlə: “Dədəm öncə Bakıdan Gəncəyə gəlib. Gəncədə odun bazarında işləyib. Osmanlı-Rusiya savaşı dönəmində Türkiyəyə gəliblər. Babam dədəmdən eşitdiyi bu misranı mənə söyləyərdi:
Gəncədən furqon gəlir
Atları yorğun gəlir
Əyil, əyil bir öpüm
Gör necə şirin gəlir
Azərbaycanlı qardaşlarımız bizə doğmadır, onları çox istəyirik”.
Müsahibimiz Mustafa Günəş ailəsi ilə bağlı bunları dedi: “Mənim dədəm İrəvandan olub. Qarışıqlıq dönəmində Türkiyəyə gəlib. Hazırda ticarətlə məşğulam. Əlimdən gəldiyi qədər Azərbaycan kültürünə dəstək olmağa çalışıram”.
Müsahibimiz Yunus Zaman ailəsi ilə bağlı bunları bölüşdü: “Dədələrim İrəvan yaxınlığındakı Molla Musalı kəndindən olub. 1920-ci illərdə Türkiyəyə köçərək Qarsa yerləşiblər. Qarsdan əvvəl Muşda olublar. Sonra “vətənə dönə bilərik” düşüncəsi ilə yaxın olduğu üçün Qarsa gediblər. Mən Qarsda doğulmuşam, Türkiyənin müxtəlif yerlərində işlədikdən sonra 2008-ci ildə İstanbula yerləşdim”.
Məhməd Əli Qaradağın ailəsi ilk mühacirlərdəndir: “Bizimkilər 93 hərbindən sonra buraya gəliblər. Buraya dəstək göstərənlərə təşəkkür edirəm”.
Cəfər Başak isə bunları dedi: “Atamın adı Mövlud, babamın adı İbrahim olub. Babamın qardaşının adı Məşədihəsən olub. İrəvandan gəliblər. Mən detalları çox bilmirəm. Bu işə dəstək göstərən hər kəsə təşəkkür edirəm”.
Sonda isə belə bir layihəni həyata keçirən İstanbul Azərbaycan Kültür Evinin rəhbəri Hikmət Elpdən fikrini öyrəndik:
“Əvvəlcə, Kültür Evimizin müqəddəs fəaliyyətinə maddi və mənəvi dəstəyini əsirgəməyən buradakı ağsaqqallarımıza, dostlarımıza təşəkkür edirəm. Bizlər Azərbaycan mədəniyyətinin daşıyıcıları olaraq daim o yerlərdə qalanlara ayrı bir məhəbbət hissi ilə yaşamışıq. Sevinclərini və dərdlərini özümüzünkü kimi dərk etmişik. Azərbaycandan buraya oxumağa gələn oğul-qızlarımızın çəkdikləri əziyyəti gördüyümüzə görə qızlarımızın problemlərinə bir balaca şərik olmaq istədik. İnşallah, oğlanlarımızın da problemlərinin həllinə dəstək taparıq. İstədik ki, bu kiçik addımımızla imkanlı insanlarımızın diqqətini belə məsələlərə yönəldək. Bu kiçik addım onlara ideya versin, onlar daha da böyük addımlar atsınlar”.
Beləliklə, arzu edirik ki, bu gün Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları da bir zamanlar ataları Vətəni tərk edən mühacir övladlarını örnək götürsünlər, Türkiyədə Azərbaycanın tanıdılmasına, tələbələrin çətinliklərinin aradan qaldırılmasına qayğı göstərib, dəstək olsunlar.