Təcili yardım xidmətinə məxsus "Mersedes" markalı avtomobilin iki məktəblini vurması ilə bağlı məlumatlar yanlışdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə deyib.
Onun sözlərinə görə, hadisə başqa cür olub:
“Dünən bizə çağırış daxil oldu ki, Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında piyadaları hansısa naməlum avtomobil vurub. Çağırışa uyğun hadisə yerinə briqada yolladıq. Bir briqada xəsarət alan məktəblilərdən birini, digəri isə ikincini götürüb.
Briqadalardan biri hadisə yerindən ayrılarkən sayrışan işiqları yandırıb ki, maşında yaralı uşaq var, xəstəxanaya tez çatdırsın. Xidməti avtomobilin işıqlarının yanmasına baxmayaraq, Ələsgər Ələkbərov küçəsi ilə hərəkət edən zaman sürücülərdən biri buna məhəl qoymayıb, yolu tez keçməyə çalışan xidməti maşınımızla cüzi toqquşub. Avtomobillərə çox az ziyan dəyib, sərnişin və sürücülər xəsarət almayıb.
Xidməti avtomobil ciddi bir şey olmadığından və avtomobildə yaralı var deyə, tez oradan xəstəxanaya gedib. Faktla bağlı polis hər iki tərəfi çağırıb, izahatları alınıb. Yəni təcili tibbi yardım avtomobili adam vurmayıb”.
Qeyd edək ki, bu gün səhər Rəşid Behbudov küçəsində yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Eyvazova Nazlı və həmyaşıdı Osmanova Aliyəni təcili yardım xidmətinə məxsus "Mersedes" markalı avtomobil vurması ilə bağlı məlumat yayılıb.