Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında sıx əməkdaşlıq bu ölkənin əhalisi üçün böyük əhəmiyyətə malik islahatların keçirilməsində önəmli addım olacaq.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu fikirləri Britaniya parlamentinin üzvü, xarici işlər üzrə dövlət naziri Alan Dunkan Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti öncəsi çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniya BP-nin rəhbərliyi ilə Xəzər dənizi regionunda neft-qaz sənayesi inkişafı istiqamətində götürdükləri öhdəlikləri yerinə yetirməyə davam edir: “Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi son 25 ildə Böyük Britaniya və Azərbaycan arasında əlaqələrin səmərəliliyini göstərir. Məhz bu infrastruktura yatırılan investisiyalar Azərbaycana ilk dəfə öz tarixində həqiqətən də müstəqil, suveren ölkə kimi çiçəklənməyə imkan verdi”.
Alan Dunkan bildirib ki, iki ölkə arasında mədəniyyət və təhsil səviyyəsində əlaqələr heyrətləndirici sürətlə inkişaf edir: “Azərbaycanda olan gənclərin əksəriyyəti ingilis dilini öyrənməyə və ya Böyük Britaniya universitetində təhsil almağa, Azərbaycanda fəaliyyət göstərən 450-dən çox Böyük Britaniya şirkətlərinin birində çalışmağa çalışır.
Mən əminəm ki, biz mədəniyyət, ədəbiyyat, musiqi, ali təhsil və idman sahələrində əlaqələri inkişaf etdirməklə insanlarımız arasında da münasibətlərimiz inkişaf edəcək. Biz gələcək üçün qarşımıza daha iddialı hədəflər qoymalıyıq. Azərbaycana müasir, özünə əmin, çiçəklənən, liberal və demokratik ölkələr siyahısında yer almağa yardım etmək istəyirik.
Bax, buna görə hesab edirik ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında daha sıx əməkdaşlıq Azərbaycan əhalisi üçün çox böyük əhəmiyyətə malik islahatların keçirilməsində önəmli addım olacaq”.