Milli Məclisin plenar iclasında 2018-ci il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi qəbul edilib.
Teleqraf.com-un məlumatına görə, gələn il üçün DSMF-nin gəlirləri və xərcləri 3 578,8 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci il üçün gözlənilən göstəricidən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur.
2018-c ildə əhaliyə sosial ödəmələr 3 495 milyon manat (bütün xərclərin 97,7 faizi) həcmində proqnozlaşdırılır. Eyni zamanda əhaliyə sosial ödəmələrin 97,5 faizi və 3,407 milyard manat əmək pensiyalarına yönəldiləcək.
Gələn il əmək pensiyasının ortalama həcmi 216,5 manat nəzərdə tutulur ki, bu da 6,9 faiz artım deməkdir.
2018-ci ildə müavinət və sosial ödəmələrə 88,1 milyon manat yönəldiləcək. Digər xərclər 83,7 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnozundan 2,3 faiz çoxdur.