1 Avqust 2014 18:54
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

441 nəfərdən 126-sı imtahana gəldi, 51-i keçdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. İmtahanda iştirak etmək hüququ qazanmış 441 abituriyentdən 315 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 126 abituriyentdən 51 nəfəri məqbul qiymət alıb. Onlardan 45 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir.

Komitədən verilən xəbərə görə, imtahandan əvvəl TQDK-nın inzibati binasında Azərbaycan Mətbuat Şurasının, TQDK rəhbərliyinin və KİV nümayəndələrinin iştirakı ilə abituriyentlərə təqdim olunacaq mövzular təsadüfi seçim əsasında müəyyənləşdirilib. Əvvəlcədən elan olunmuş 250-yə yaxın mövzu arasından 3 mövzu seçilib və canlı videobağlantı əsasında bütün imtahan mərkəzlərinə ötürülüb.

İmtahan zamanı abituriyentlər həmin 3 mövzudan istədiyi biri üzrə 2 saat 30 dəqiqə müddətində yazı işi yerinə yetiriblər. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilib.

İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunub.

Məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

TQDK bəyan edir ki, yazı işi bır sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilib. “Məqbul” qiyməti alanlar ixtisas seçimi zamanı III ixtisas qrupunun digər ixtisasları ilə yanaşı jurnalistika ixtisasını da seçə biləcəklər.

Abituriyentlər imtahan nəticələri ilə bağlı avqustun 4-də saat 10:00-dan 17:00-dək TQDK-da yaradılmış apelyasiya komissiyasına müraciət edə bilərlər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər