2017-ci ilin son ayını yaşayırıq, qarşıda 2018-ci il gəlir. Astroloqların diliycə desək, Xoruz ilini baş vurub İt ilinə keçirik. Görəsən, astroloji proqnozlar gələn il üçün nələri vəd edir?
Teleqraf.com tanınmış astroloq Səbuhi Rəhimli ilə müsahibəni təqdim edir
- Qarşıdakı ilin əsas xarakterik xüsusiyyəti nədir? İnsanlar nədən qorunmalı, nəyə daha çox diqqət yetirməlidirlər?
- Öncə bildirim ki, qarşıdan gələn Sarı İt ili 2018-ci il fevral ayının 16-da, Bakı vaxtilə saat 01:05 dəqiqədə start götürəcək. İt ilinin mövcud olduğu bütün dövrlərdə qüvvələr nisbəti tarazlaşır, zəif tərəf olmur. İki güclü əks qütbün qarşıdurması isə həmişə qorxuludur. Bəhs etdiyimiz illərdə qanunlar daha sağlam və sərt formada işlədiyindən qanundankənar fəaliyyət göstərənləri təhlükəli risk qarşısında qoyur.
Ötən Xoruz ilinə nisbətən bu dövrdə iddialar yalnız söz və debatlarla yekunlaşmır. Bir sözlə, il boyu rəqib qüvvələrin yeni qarşıdurma dövrü başlayacaq və bu, mütləq müəyyən bir sonluqla tamamlanacaq.
İt ili həm də dünyada mövcud olan siyasi fikir ayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır. Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır.
2018-ci ildə dünyanın siyasi mənzərəsi tamamilə dəyişəcək, siyasi rəqiblərin ortaq məxrəcə gəlməsini, qarşılıqlı inamın bərpasını və gərgin siyasi müstəvilərdə harmoniyanın yaranmasını görəcəyik. Necə deyərlər, “bataqlıqların qurudulması” prosesi başlayacaq. Bu dövlərdə böyük hərbi münaqişələr olmur, yeni ictimai-siyasi liderlər yetişir.
Unutmayaq ki, İt qabiliyyətli, istedadlı olanları məşhurlaşdırır. 2018-ci il yaxşıya doğru dəyişikliklər ilidir. İt ilində dini vəhdətə, ilahi qaydalara riayət etmək kimi meyllər güclənir. Radikal dinçilərin, dinə qarşı qəddar olanların cəzalandırılmasına da şahidlik edirik. İt bütün alçaldılmış və incidilmiş insanların köməyinə gələrək onları təhqir edənləri də cəzasız qoymur. Ümumiyyətlə, İt istər dövlətlərarası, istərsə də şəxsiyyətlərarası münasibətlərdə mövcud olan aqressiyanı az qala sıfıra endirir.
- İnsanların sosial durumu necə olacaq? Gələn il insanların güzəranına nə vəd edir?
- İt ilində narazı qüvvələr birləşməyə və sistemli mübarizə aparmağa həvəsli olurlar. Tarixi hadisələrə nəzər yetirsək, görərik ki, tətil və iğtişaşların, hakimiyyətlə xalq arasındakı böhranın, inqilab və çevrilişlərin böyük hissəsi məhz İt illərinə təsadüf edir. Siyasi proqnostika ilə məşğul olan astroloqların qənaətincə, qlobal hədəfə yetişmək üçün Xoruz ili hazırlıq ərəfəsi olduğu halda, İt ilində bunun tətbiqi və real nəticələri özünü göstərir. Sakit və müdrik İt çılğın adamları, ağılsız risk edənləri, tənbəlləri sevmir və öz hakimiyyətində onların çoxunu sıradan çıxarmaqla, sınağa çəkməklə sakitləşdirməyi bacarır. Təbii ki, bu sınaqlardan itki ilə çıxanlar da az olmur.
İt ili ailələrin möhkəmlənməsinə də xidmət edir, möhkəm nikahların sayı artır. Xırda bir araşdırmamız da göstərdi ki, son 15 ildə Azərbaycanda ən az boşanma hadisəsi məhz İt ilinə (2006) düşüb. İnanaq ki, qarşıda duran il də ailə möhkəmliyinə xidmət edəcək. İt xəyanəti sevmir – özü də yalnız ailə-sevgi istiqamətində deyil, həyatımızın bütün sahələrində.
Düzdür, səbrli İt belələrini dərhal cəzalandırmır, lakin ikinci həmlədə xəyanət edən olduqca sərt şəkildə əvəzini ödəyir.
- Gələn il doğulan uşaqlarda əsas cəhətlər?..
- İt ilində doğulan kişilər cəsarətli, vicdanlı, tərbiyəli olur, həmişə gözəl formada görünür, başqalarına hədsiz hörmət bəsləyir, qarşı tərəfdən də belə cavab gözləyir. Belələri diqqətli və cəlddir, heç bir detalı nəzərdən qaçırmır və öz müşahidələriylə şöhrət tapırlar. Bu kişilər mənəviyyata inanır, öz düzlükləriylə fəxr edirlər.
Söhbət etməyi çox sevdikləri üçün həmişə onu dostları əhatə edir və onunla dostsunuzsa, deməli, bu həmişəlikdir. Əgər siz haqsızsınızsa, o, bunu düz üzünüzə deyəcək və əgər sizə haqsızlıq olacaqsa, həmişə tərəfinizi saxlayacaq. O, sevdiklərinə kömək etməyə və onların müdafiəsinə həmişə hazırdır. Əgər onlara nəsə olursa, o bunu öz şəxsi işi sayır, hər şey etməyə çalışır ki, ədalət qalib gəlsin.
İt ilində doğulan qadınlar isə xeyirxahlığı və ideyaları uğrunda mübarizə aparmağı öz vəzifəsi hesab edir. Utanmadan inandığı şey haqqında danışır. Hər hansı bir qərarı çıxarmazdan əvvəl başqalarını dinləyəcək qədər ağıllı və müdrikdir. O, açıq hərəkət etməyə üstünlük verir, psixoloji oyunları və manipulyasiyaları sevmir. O, heç nəyi gizlətmir, lakin başqasının sirrini açmır.
Bu qadın dəbə kor-koranə riayət etmir, öz fərdi üslubunu saxlayır. Ağıllı, hazırcavab və tələbkardır. Həyatdan nə istədiyini yaxşı bilir və Kişi-İtə nisbətən mənliyi daha güclüdür. Bəzən Qadın-İt soyuq və laqeyd görünür, əslində o, çox həyəcanlanır, narahat olur. Təbiətcə bədbindir, yalnız pis şeylər gözləyir və öz imkanlarına inanmır. O, çox bacarıqlıdır və düzgünlüyünə ürəkdən inanır. Baxmayaraq ki, zaman keçdikcə o, sakit və dinc qadın kimi görünür, bununla bərabər, o, az hallarda zəifləşir.
Dostları ilə görüşməzdən əvvəl o, artıq aptekdən aspirin almağı, yaxud paltaryuyana paltar qoymağı unutmur. Kino və ya konsert zamanı isə onun fikri başqa yerdə olur. Məsələn, xatırlamağa çalışır ki, məktubu yola salıb, yoxsa yox, telefon pulunu ödəyib, paltarları ütüləyibmi və s. Axı bu qadınlar adətən bir neçə işi birdən icra edir, ona görə də heç vaxt əsl istirahət görmürlər.
- İlin ən uğurlu və uğursuz dövrləri hansılar olacaq?
- Yeni ilin ünsürü Torpaq, himayədar planeti Veneradır, aparıcı bürcləri Buğa, Tərəzi, aparıcı işarələri İt, Pələng, At, rəngi sarı, narıncı, mavi, göy, daş-qaşı sapfir, əqiq, zümrüd, mirvari, metalı bürünc, çiçəyi bənövşə, qızılgül, talismanı ürək və qızıl öküzdür.
İt illərində aktiv ərazilər adətən Rusiya, Avstriya, İsveçrə, İrlandiya, Polşa, Avstraliya, Qafqaz, Çin, Yaponiya, Tailand, İran, İraq və Əfqanıstan olur.
- İt ilinin spesifikası nədir?
- İt ilində passiv insanların daxili nigarançılığı, narahatçılığı artdığı üçün buraxılmış səhvlərin düzəldilməsi vacibdir. Bu dövrdə hər kəs alicənablıq, xeyirxahlıq göstərməli, Allahı razı salan işlərdən daha çox yapışmalıdır. Çünki kosmosdan axan bədbinlik bütün planetə yayılacaq və zəiflər az qala intihar həddinə çatacaqlar. Belə yerdə isə səbrli, təmkinli və ağzıdualı olmaq mütləqdir.
- Bundan əvvəlki İt illərini analiz etsək?..
- Tarixi xronologiyaya baxanda qarşıdan gələn İt ilinin çox təzadlı, hətta ziddiyyətli mənzərəsini görürük. Buna baxmayaraq, yüzlərlə hadisəni təhlil edib, gəldiyimiz qənaət bu oldu ki, İt illərində əsasən münaqişələrin dayandırılması, sülh müqavilələri, azadlıqların bərpası və birləşmələr baş verir. Hər halda yola saldığımız ifrat gərginlik və müharibələr içində keçən, sövdələşmələri pozan, siyasi ədalətsizliyə dəstək verən Xoruz ilindən fərqli olaraq yeni il sakitliyin bərpasına çalışır.
Yəqin elə bu səbəbdən orta əsrlərin çinli astroloqları qarşıda duran dövrü “Xoruzun dağıtdıqlarını İtlərin yığışdması” zamanı hesab edirlər. İt ilində olan bir neçə hadisəni oxucularımızın nəzərinə çatdırım, qoy nəticəni özləri çıxarsınlar: Qanlı Çaldıran döyüşü baş verib və Osmanlılar Təbrizi işğal edib, Şamaxı xanlığı ləğv edilib, Rusiyada məşhur dekabristlər edam olunublar, İran şahzadəsi Abbas Mirzə Şuşanı tutub, SSRİ qurulub, Türkiyənin hərbi və siyasi xadimi Ənvər Paşa Tacikistanda qətlə yetirilib, İngiltərənin Misir üzərində protektoratlığı ləğv edilib, Adolf Hitler Almaniyada prezident hakimiyyətini mənimsəyib, BMT-də Fələstin və İsrail dövlətlərinin yaradılması barədə qərar çıxarılıb, Təbriz Universiteti açılıb, Rusiya Çeçenistana hücum edib, Bakı metrosunda iki dəfə terror törədilib, Bakıda neft hasilatına dair sənəd - "Əsrin müqaviləsi" imzalanıb, Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olunub, Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun qətlə yetirilib, avtoritet Hikmət Muxtarov (Sabirabadlı Hikmət) qətlə yetirilib, İranda türkləri aşağılayan məlum karikatura qalmaqalı başlayıb, İraqın keçmiş dövlət başçısı Səddam Hüseyn edam edilib, Haaqa türməsində Yuqoslaviyanın keçmiş prezidenti Slobadan Miloşeviç vəfat edib…