28 Dekabr 2017 14:32
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:45

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyasının itkin düşmüş gənc alpinistlərin axtarışı üçün könüllülərə olan müraciəti cəmiyyətimizdə geniş rezonans doğurub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Skautlar Assosiasiyasından məlumat verilib.

Məlumatda qeyd edilib ki, 150-dən artıq şəxs müraciət edərək, alpinistlərin axtarışına kömək etmək üçün hazır olduqlarını bildirib:

“Bütün müraciətlər diqqətlə nəzərdən keçirilib, yalnız peşəkar bacarıqları, eyni zamanda yerli dağ relyefi və hava şəraiti ilə tanışlığı nəzərə alaraq axtarış üçün uyğun olan 10 nəfər seçilib. Seçilmiş şəxslərin ilk qrupu bütün lazımi avadanlıqla təmin olunub və axtarış aparılan zonaya yola salınıb. İkinci qrupun da yola salınması üçün hazırlıqlar davam edir. Bütün bu fəaliyyətlər aidiyyatı dövlət orqanları ilə koordinasiya olunur”.

Məlumatda qeyd edilib ki, bu andan etibarən axtarışa qoşulmaq istəyənlərin “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən qəbulu dayandırılır:

“Dövlət orqanlarının və könüllülərin birgə səyləri nəticəsində gənc alpinistlərin tezliklə tapılacağına inanırıq.

Sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrindən xahiş edirik ki, bu mövzuda dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verməsinlər”.

Qeyd edək ki, Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı yaradılmış Əməliyyat Qərargahı könüllülərin axtarışlara cəlb edilməsi barədə çağırışlara münasibət bildirib: “Fövqəladə Hallar Nazirliyi axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını, eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edir ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir”.

Xatırladaq ki, dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

***

İtən dağçılarımızla əlaqədar bu gün Şahyaylaqda qərargah qurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı hazırda könüllü şəkildə Şahyaylaqda olan alpinist Toğrul Cəfərov sosial şəbəkədə yayıb.

Onun sözlərinə görə, axtarışa FHN-in xüsusi xilas etmə qrupu da qoşulub: “Ümumilikdə 3 qrup- Alpinistlər, FHN-xüsusi xilasetmə və Xınalıqlı bir qrup axtarır Bir də əlavə köməkçi dəstə ilə ümumi komanda qərargah məntəqəsində axtarışların gedişatı izlənilir.

Hava şəraiti yaxşıdır. Yüngül külək var. Hər kəs ümidlə nəticə gözləyir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər