25 Aprel 2014 17:09
1 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Milli Qəhrəman Albert Aqarunovun anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirin keçirilməsinə Suraxanı və Şuşa rayonları İcra Hakimiyyətləri, "Səbail tank taboru" və Dağ Yəhudiləri Dini İcması yaxından köməklik göstəriblər.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqları salamlayaraq onları "Səbail tank taboru"nun döyüş yolundan bəhs edən filmə baxmağa dəvət edib.

Sonra Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi polkovnik Rüfət Əmirov "Albert Aqarunov - Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanı" adlı məruzə ilə çıxış edib.

Tədbirdə Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev "Azərbaycanda tolerantlıq", "Səbail tank taboru"nun sabiq komandiri Hacı Əzimov "Səbail tank taborunun keçdiyi döyüş yolu", Azərbaycan Hərb Tarixi Muzeyinin Arxiv fond və ekspozisiya üzrə rəis müavini Lalə Hüseynova "Qarabağ müharibəsi - Azərbaycanın qəhrəmanlıq tarixinin növbəti səhifəsi" mövzularında çıxışlar ediblər.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və tank ekipajının komandiri Ağababa Qasımov Şuşa uğrunda gedən döyüşlərdən, Albert Aqarunovla bağlı xatirələrindən danışıblar.

Tədbirdə Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının, Prezident Administirasiyasının Milli Məsələlər üzrə şöbəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Suraxanı və Şuşa rayonları İcra Hakimiyyətlərinin, İsrail səfirliyinin nümayəndələri iştirak ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər