Mütəmadi olaraq nehrə yağı ilə bağlı əhalidə şübhələr olur və onlar yağı ekspertizadan keçirməyin qaydasını soruşurlar.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Birlik sədri bildirib ki, bu ad altında Bakıya gətirilən məhsulların hamısı nehrə yağı deyil: “Nehrəyə marqarinləri, heyvan və bitki yağlarını qarışdıraraq bir yerdə çalxalayırlar. Ondan da qarışıq yağ əmələ gəlir. Əhaliyə onu nehrə yağı adı altında satırlar. Vətəndaşlarımız belə hiylələrə inanmasınlar”.
Eyyub Hüseynovun sözlərinə görə, bu cür qarışıq yağlara iç yağı qarışdırıldığı üçün xoşagəlməz qoxu verir: “Təəssüf ki, yağları ekspertiza edən normal bir yer yoxdur. Fikrimcə, yeni yaranan Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll edəcək”.
AİB sədri xəbərdarlıq edib ki, bəzi yerli istehsalçılar saxta yağlar hazırlayırlar. Ekspert bu sahədə problemlərin aradan qaldırılacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Bakıdakı bazarlarda satılan nehrə yağının bir kiloqramının qiyməti ilə bölgələrdə satılan eyni adlı yağın qiyməti arasında 2-3 manat fərq ictimaiyyət arasında şübhəylə qarşılanıb.
Çətinliklə əldə edilən nehrə yağı paytaxtda 8-8 manat 50 qəpiyə, rayonlarda isə bir kiloqramı 10-11 manata satılır.