“2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirin müvafiq əmri ilə təsdiq edilən proqram əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, tibbi bərpası, bədən tərbiyəsi və idmana cəlb edilmələri, asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlərin həyata keçirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edir.
Sənəddə bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci il ərzində görüləcək tədbirlər əksini tapır.
Proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, onların ölkə daxilində müalicə olunmalarına köməkliyin, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi və sosial xidmət müəssisələrinə texniki yardımın göstərilməsi, əlillik problemi ilə bağlı informasiya təminatının, bu təbəqələrdən olan insanlara diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması kimi tədbirlər yer alır.
Eyni zamanda, həmin insanların yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün cari ildə də ümumrespublika səviyyəli tədbirin təşkil edilməsi planlaşdırılır.
Proqrama uyğun olaraq bu il Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların X Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi də keçiriləcək.