Tədqiqat universiteti ideyası Azərbaycanda yeni olsa da, dünya təhsilində yeni deyil.
Bunu təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a ali məktəblərə "Tədqiqat universiteti" statusu verilməsi ilə bağlı məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə, XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırıb:
“Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər. Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələri oxutmaq deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, tədqiqatçıların hazırlanmasıdır. Baş nazirin verdiyi qərar ali məktəblərə yeni nəfəs verəcək. Düzdür, qərarda qeyd olunan prinsiplər çox az universitetimizdə var. Hazırda Azərbaycanda fəaliyyət göstərən 50 dən çox universitetin çox az hissəsi qeyd olunan prinsiplərə uyğun gəlir. Hətta bir neçə universitet bu fəaliyyəti uzun müddətdir ki, göstərir. Bakı Dövlət Universiteti elmi tədqiqatlarda öndə gedən ali məktəbdir. Azərbaycan Dövlət İqtisad Universiteti öz profilinə aid olan bütün sahələr üzrə tədqiqat işləri aparır, elmi şuralar fəaliyyət göstərir. Lakin regionlarımızda olan universitetlər və bir çox özəl universitetlərimiz bu tələblərə cavab vermir. Maddi texniki bazası yoxdur, qeyd olunan tələbləri yerinə yetirilməsi üçün resursları yoxdur”.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur:
“Bu formatın gerçəkləşməsi üçün mütləq bacarıqlı, elmli, təhsil prosesini və innovasiyaları dərindən bilən rektor obrazı önəm kəsb edir. Amma bizdə bir çox universitetin rektoru bu kompitensiyalara malik deyil. Ona görə də, bu yeniliyin onların universitetində tətbiqi inandırıcı görünmür. Xüsusi olaraq qeyd etmək istəyrəm ki, AMEA-nın tərkibində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyətində ciddi problemlər var. Məhz onların elmi tədqiqat sahəsində fəaliyyətsizliyi universitetlərin tərkibində tədqiqat universitetlərinin açılmasını zəruri edib. Bu gün Azərbaycan üçün kifayət qədər beynəlxalq əhəmiyyətli layihələri olsa, AMEA-nın bəzi institutları beynəlxalq deyil, yerli, o qədər də ciddi əhəmiyyəti olmayan lokal elmi-tədqiqat işləri aparırlar. Təsəvvür edin ki, hazırda Azərbaycanda 30 mindən artıq elmi pedaqoji işçi var. Onların 1918 nəfəri elmlər doktoru, 8976 nəfəri fəlsəfə doktoru və elmlər namizədidir. Amma xarici jurnallarda bizim alimlərimizə istinad, demək olar ki, yox səviyyəsindədir. Bu gün AMEA-nın İnstutut rəhbərlərinin yaxınlığında olmayan, onun sözü ilə oturub dumayan gənc alimləri elmi müdafiəyə buraxmırlar. Onlara nomenklatur olaraq ciddi şəkildə problemlər yaradılır. Təəssüflər olsun ki, Azərbaycanda alimlərin, elmlər doktorlarının böyük əksəriyyəti yaşlı insanlardır. Bu məsələ bizi çox narahat etməlidir. Hesab edirəm ki, hazırda gənc alimlərin sayı kritik həddədir. Gənc alimlərin konfranslarına baxanda görürük ki, böyük əksəriyyət gənc alimin yaşı 40-dan çoxdur. Bu, yaxşı tendensiya deyil”.
Kamran Əsədov qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması işində gəncliyin üzərinə böyük vəzifələr qoyulub:
“Amma AMEA-nın institutlarında bu məsələ kağız üzərində həyata keçirilir. Elmi tədqiqat universitetinin müsbət tərəfi odur ki, elmi tədqiqat işləri birbaşa praktiki olaraq yoxlanacaq və onların həlli yolları müzakirə olunacaq. Bu gün Azərbaycanda 54 ali təhsil müəssisəmizdə 160 mindən çox tələbə təhsil alır ki, bu da elmi tədqiqat işlərinin aparılması, birbaşa istehsalatda yoxlanılması üçün çox vacibdir”.
Qeyd edək ki, Nazirlər Kabineti "Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər"i təsdiqləyib.