31 Yanvar 2018 08:30
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai iaşə müəssisələri, o cümlədən restoran, yeməkxana sahibləri işçi götürərkən onlardan sağlamlıq arayışı tələb etməlidir.

Bunu Teleqraf.com-a açıqlamasında "Sağlamlığa xidmət" İctimai Təşkilatında vərəmli xəstələrin izlənməsi proqramının eksperti Çingiz Ramazanlı deyib.

Ekspert bildirib ki, istənilən insan ildə ən azı bir dəfə profilaktik müayinədən keçməlidir: “Vərəm hava-damcı yolu ilə yoluxan xəstəlik olduğundan, insanların sıx toplaşdığı yerlərdə və ictimai iaşə nöqtələrində yayılma ehtimalı daha böyükdür. Bunun üçün gərək hər bir şəxs ilk növbədə vərəmin əlamətlərini bilsin və bu əlamətlər hiss oluna zaman həkimə müraciət etsin. Bundan əlavə, hər bir insan ən azından ildə bir dəfə profilaktik müayinə olunmalıdır”.

Çingiz Ramazanlı qeyd edib ki, obyekt sahibləri işçi götürəndə onların sağlam olub-olmadığına da diqqət yetirməlidir: “Restoranlara, bağçalara, məktəblərə və bu tip kütləvi təmas yeri olan müəssisəyə işə qəbul zamanı işə götürənin birbaşa vəzifəsidir ki, işçisini tibbi müayinədən keçirsin. Məktəblərdə, universitetlərdə də vərəmlə bağlı mütamadi müayinələr aparılmalıdır”.

Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutundan bildirilib ki, bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələrinin işləməsi ilə bağlı araşdırma apardıqdan sonra danışmaq olar.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev açıqlamasında bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işlədiyini və onlara nəzarət edilmədiyini bildirib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər