Hazırda Bakı Slavyan Universitetinin magistr pilləsində təhsil alan Rusiya vətəndaşı Aysel İsmayılovanın unversitetdən uzaqlaşdırılması ilə bağlı şikayəti ciddi araşdırma başladılıb.
Bunu Teleqraf.com-a açıqlamasında universitetinin Əcnəbi Tələbələrlə İş üzrə dekanı Ülviyyə Məmmədova deyib.
Onun sözlərinə görə, yaranmış problemin həlli istiqamətində işlər aparılır: “Universitetimizdə təhsil alan bir neçə əcnəbi ilə bağlı bu cür problem var. Məsələnin həlli üçün niversitet daxilində ciddi araşdırma başaldılıb. 2017-ci ilin ikinci rübündə məhz bu məsələ ilə bağlı dekan vəzifəsində çalışan Lamiyə Quliyeva vəzifəsindən azad edilib. Tələbənin vəkili birbaşa bizə müraciət edib”.
Ülviyyə Məmmədova qeyd edib ki, tələbə məhkəməyə də müraciət edə bilər: “O, universitetdən kənarlaşdırıldıqdan sonra məhkəməyə müraciət edə bilər. Məhkəmə prosesində imtahansız qəbul, təhsil prosesinə kimlərin göstərişi ilə başladıqları və sair məsələlərə aydınlıq gətiriləcək.
Hər hansı qanunsuzluq təsdiqləndiyi halda Təhsil Nazirliyin göstərişi ilə o, universitetə bərpa ediləcək. Diplom sənədi də təhsil ilinin yekununda ona təqdim olunacaq”.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin magistr pilləsində təhsil alan Rusiya vətəndaşı Aysel İsmayılova 2016-cı ildə imtahansız şəkildə BSU-nun magistr pilləsinə qəbul edilib. Birbaşa universitet tərəfindən dəvət olunduğunu deyən tələbə imtahansız təhsilə başladığını qeyd edir.
Bu il fevral ayının 8-i isə universitet rəhbərliyi onu çağırıb və təhsildən uzaqlaşdırılacağını bildirib. Səbəb olaraq 2015-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən ölkədə 5 illik icazə ilə yaşayan əcnəbilər magistr pilləsinə imtahan verərək qəbul olunmalıdırlar.
Tələbə iddia edir ki, bu qanun 2015-ci ildə verilsə də, onu 2016-cı ildə universitetə imtahansız qəbul ediblər.