Bayılın sürüşmə baş verən ərazisində yerləşən evlərin sökülməsi gündəmdə deyil.
Bunu Teleqraf.com-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.
Onun sözlərinə görə, evlərin sökülməsi barədə heç bir sakinə söz deyilməyib: “Ərazidə alimlər araşdırma aparırlar. Evlərlə bağlı alimlərin rəyinə əsasən Nazirlər Kabineti qərar verəck. Sökülsün deyilsə, söküləcək. Onda ərazidə yaşayan vətəndaşlara kompensasiya ödəniləcək”.
İsrafil Kərimov bildirib ki, 67 ailə kirayə pulu almaq üçün sənədlərini təhvil verib: “Kirayə haqqı onların bank hesablarına köçrülüb. Sənədsiz heç kimə pul verilmir. Yoldan ötən də deyir ki, mən burda yaşayıram... Əsas məsələ sənəddir. Kim sənədlərini təhvil verir, onlara pul ödənilir.
4 fərdi yaşayış evinin sahiblərinə çatan kompensasiyanın məbləğini Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətində hesablanır”.
Qeyd edək ki, Bayıl yaşayış massivində yaşayan əhalinin bir hissəsi onlara kirayə haqqının veriləməsi ilə bağlı narazılıq edib.