26 Aprel 2014 19:52
2 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bağça və məktəb aşpazı, ”5 qazan"da salatçı, son illər isə 3 ailədə dayə işləmişəm"

“Uşağa dayə seçimi bir qəzetdəki elanı nəzərdən keçirməklə olmamalıdır. Ailənin psixoloqu varsa, onunla məsləhətləşmək lazımdır, yoxdursa, istənilən mütəxəssislə söhbətləşib, ailə psixologiyasına uyğun dayə seçmək olar. Hansısa təşkilat, qurum da dayə təklif edə bilər. Amma hər bir halda ailənin xüsusiyyətləri nəzərə alınmalıdır.

Ola bilər, dayə ideal olsun, amma onun xarakteri ilə uşağın xüsusiyyətləri uyğun gəlməsin. Uşaq dayəni sevmir və min bəhanə ilə evdən getməsini istəyirsə, deməli, seçim düzgün olmayıb".

Psixoloq Aidə Nəbiyevanın ailələrin dayə seçimi ilə bağlı tövsiyələri belədir. Onun fikrincə, dayənin fəaliyyətini izləmək üçün ən yaxşı vasitə evdə nəzarət-kamera sisteminin olmasıdır: “Övladın həyatının hər bir anı valideyn üçün vacibdir. Kamera həm də yarana biləcək bütün konfliktlərə vaxtında cavab tapılması deməkdir”.

Amma dayə tapmaq elə də asan məsələ deyil. Baxmayaraq ki, qəzetlərdə, internet saytlarında bu yönümdə xeyli elan və reklamlar var. Ekspertlər uşağına dayə seçənləri bu elanlara qarşı diqqətli olmağa çağırırlar.

Biz də bu dəfə “Bir elanın izi ilə” bu məsələni araşdırmağa çalışdıq.

“Gecə də uşaqların yanında qalmalı oluram”

Hicablı bir xanımın dayəlik istəyi ilə bağlı elanı diqqətimizi çəkdi:

“Nailə Həsənova. 48 yaşım var, orta ixtisas təhsilliyəm. Yerli Sənaye Texnoloji Texnikumunu texnik-sənədləşdirici ixtisası üzrə bitirmişəm. Bağça və məktəb aşpazı, ”5 qazan"da salatçı, son illər isə 3 ailədə dayə işləmişəm. Səbirliyəm, mehribanam, uşaqlar mənə tez öyrəşir. Rus dilini mükəmməl bilirəm, işlədiyim son ailə rus ailəsi olub. Tövsiyə məktubum var. Bir ay üçün 350 manata məvacibə uşağa baxa bilərəm".

Elanda qeyd olunan nömrəyə zəng vurub, Nailə Həsənovanın iş prinsipi ilə maraqlandıq. O, söhbətə başlayan kimi artıq iş tapdığını dedi. Hazırda vəzifəli şəxslərin əkiz uşaqlarına dayəlik etdiyini və bu xidməti üçün ayda 2 min manat aldığını bildirdi: “Məndən başqa bir dayə də var. Biz İtaliyada kurs keçmişik. Uşaqla necə davranmaq lazımdır, bilirik. Ona görə işsiz qalmırıq”.

Nailə Həsənova deyir ki, gün ərzində 8-9 saat uşağa baxır, onu gəzintiyə də aparır: “Qidalanmasından tutmuş, yatmağına, əyləncəsinə qədər uşaq üçün nə lazımdır, hamısını edirəm. Bəzən elə olur, valideynlər harasa gedir, gecə də uşaqların yanında qalıram”.

“Uşaqların yox, böyüklərin şıltaqlığı bezdirir”

Müsahibimizdən elanda qeyd etdiyi tövsiyə məktubu barədə soruşduq: “Mən İtaliyada dayəlik kursu keçmişəm və orada öyrəndiklərimi konspekt formasında hazırlamışam. Bu, mənim tövsiyə məktubumdur, amma bu məktub əsasında uşaqlara baxmağım şərt deyil. Yəni valideynlər necə istəyər, xidməti o cür qururam. Mənim işim onları məktubumla tanış etməkdir”.

Təcrübədə üzləşdiyi xoşagəlməz hallardan danışan Nailə Həsənova deyir ki, çox vaxt onu uşaqlar yox, böyüklərin “kapriz”i bezdirir: “Adi bir məsələni şişirdən valideynlər var. Tutaq ki, uşaq yıxılır, harasısa əzilirsə, mütləq dayə günahkar olur. Başa düşmürlər ki, bunu heç bir dayə istəməz, biz uşağın həyatına görə məsuliyyət daşıyırıq”.

Dayələrin uşaqlara qarşı zorakılıq hadisələri də az deyil. Bu barədə xəbərlərə, videoçəkilişlərə tez-tez rast gəlirik. Elə valideynlərin də dayə seçməkdə çətinlik çəkməsinə səbəb məhz belə hallara zəmanət verilməməsidir.

Ortayaşlı, rusdilli və...

“Övladımı tanımadığım, bilmədiyim birisinə tapşırmağa ürək eləmirəm. Televiziyada nə qədər videolar göstərirlər ki, dayələr uşaqları döyür. Amma dayəyə ehtiyacım var. İşə gedəndə 2 yaşlı oğlumu məcbur olub 67 yaşlı qayınanamın yanında qoyuram. O da yaşlı olduğundan uşağa baxmağa, onu əyləndirməyə gücü çatmır”.

Bunu isə uşağını tərbiyəçi yanında böyütmək istəyən, amma dayə tapa bilməyən Nazilə Həsənova deyir. Uşaq balaca olduğu üçün ana onu bağçaya qoymaq istəmədiyini, buna görə də dayəyə ehtiyacının olduğunu bildirir: “Hələ uşaq 9 aylıq idi, mən axtarışa başlayanda, güvəndiyim birisini tapa bilmirəm. 1-2 nəfərlə də görüşmüşəm, danışıqlarından, hərəkətlərindən oğlumu onlara etibar etməyə ürək etməmişəm”.

Etiraf edək ki, ölkədə həmsöhbətimizin vəziyyətində olanlar az deyil. Ona görə də, elan və reklam agentliklərində dayəlik etmək istəyənlərdən çox dayə axtaranlar var. Maraqlıdır ki, valideynlərin çoxunun istəyi üst-üstə düşür - dayə ortayaşlı, rusdilli və aşağı əmək haqqı ilə çalışan olmalıdır.
Ucuz qiymətə uşağa baxanlar uşağı adətən öz evlərində saxlayırlar və əksər valideynlər bununla razılaşmır. Daha çox ölkədəki qeyr-millətdən olan dayələr bu metodla uşağa baxırlar. Rusdilli olduqları üçün valideynlər uşaqlarını belə dayələrə daha çox etibar edirlər.

58 yaşlı dayə Roza xanım azərbaycanca ümumiyyətlə, danışa bilmədiyini deyir. 5 yaşlı uşağın tərbiyəsi ilə yalnız öz evində məşğul olur. İxtisasca pedaqoq olduğu üçün hətta uşağa 1-ci sinfə hazırlıq da keçə bilir və bunun üçün 200 manat əməkhaqqı ilə kifayətlənir: “Evdə həyat yoldaşım və 22 yaşlı nəvəmlə yaşayıram. Şəraitimiz çox yaxşıdır. İndiyədək 3 nəvəmi də özüm böyütmüşəm”.

Dayə hara, sosial şəbəkə hara...

Hazırda əksər inkişaf etmiş ölkələrdə dayə tapmaq kimi bir problem yoxdur. Dayə olmaq üçünsə xüsusi kurslar, treninqlər keçmək, təhsil almaq lazımdır. Azərbaycanda isə belə təhsil verən dövlət, yaxud özəl müəssisələr demək olar ki, yoxdur. Araşdırmamız zamanı bəlli oldu ki, Bakıda dayəlik təhsili verən 1-2 kurs olsa da, oranı bitirənlərin hansı sahə üzrə çalışdığı məlum deyil.

Xarici təcrübəyə görə, dayə xidməti göstərmək istəyənlərə hüquq, pediatriya və psixologiyadan dərslər keçirilməlidir. Dayə ən azından pediatriya barədə məlumatlı olmalı, uşaq təhlükə ilə üzləşdikdə ona ilkin yardım göstərməyi bacarmalıdır.

Dayənin xarakterinə gəlincə, psixoloqlar heyvanları, təbiəti sevməyən birinin uşağa baxmasını mənfi qarşılayır. Ekspertlər tövsiyə edirlər ki, fobiyası olan insanlardan uşağınızı uzaq tutun. Az danışan, gözlərini sizdən gizlədən, danışarkən aşağı baxan, çiyinləri aşağı olan, fikrə dalan insanlarda gizli psixoloji problemlər ola bilər. Dayənin ailə münasibətlərinin də sağlam olması şərtdir. Sosial şəbəkələrdə çox aktiv olmaması lazımdır.

Ölkədə nə qədər dayə var?

Dayələr qarşısında qoyulan tələblərin qarşılığında onların da öz hüquqları var və buna nə dərəcədə riayət olunduğunu Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirdi: “Dayəlik Azərbaycanda son 10-15 ildə yaranmış, ənənəsi olmayan yeni sahədir. Ölkəmizdə təxminən 30-40 min belə işçi var. Aidiyyəti orqanlar bunlarla əmək münasibətlərini rəsmiləşdirmək istəsələr belə, mümkünsüzdür. Çünki qanunvericilik buna imkan vermir. Biz bununla bağlı təklif etmişik ki, Əmək Məcəlləsinə sahibkar olmayan fiziki şəxs anlayışı gətirilsin.

Ev qulluğunda çalışan işçilərlə əmək münasibətinin tənzimlənməsi üçün Əmək Məcəlləsində xüsusi bir fəsil olmalıdır. Vergi orqanları bununla razılaşmayacaq. Amma biz hətta təklif edirik ki, ev qulluğunda çalışanlarla bağlı fərqli vergi sistemi tətbiq edilsin və bu fərqlilik 5-10 il, ev işlərini qeyri-formal sektordan formal sektora keçirənə qədər qalsın".

Sahib Məmmədov onu da bildirdi ki, Bakıda MMC kimi qeydiyyatdan keçib dayə hazırlayan kurslar azdır, olanlarda isə qiymətləndirmə metodu, keyfiyyət göstəriciləri yoxdur. Yəni bu cür kurslarda necə dərs keçirilməsi sual altındadır. Çünki bu sahə üzrə nə Təhsil Nazirliyinin, nə digər aidiyyəti qurumların metodikası mövcuddur.

Amma Türkiyədə də dayəlik kursları mövcuddur. Bu kursları bitirənlər şirkətlər tərəfindən işə cəlb olunurlar. Onlarla əmək müqaviləsi bağlanır, şirkət ailəyə zəmanət verir, məsuliyyəti öz üzərinə götürür.
Azərbaycanda isə dayə peşəsi üzrə xüsusi məktəblər olmadığından nə valideynlər, nə də dayələr görəcəkləri işin mahiyyətini, hüquqlarını bilmirlər.

Hər kəs hüququnu bilsə...

Dayə ilə valideynlər arasında əmək müqaviləsi imzalanmadıqda isə dayə uşağa qarşı hansısa zor, yaxud kobudluq tətbiq edərsə, onlar barəsində hüquqi ölçü götürmək çox vaxt mümkün olmur. Dayələrin qeyri-rəsmi əməyə cəlb olunduğunu deyən Sahib Məmmədovun fikrincə, dayənin əmək müqaviləsi olmur və o, dövlətdən də heç bir müavinət ala bilmir. Hətta qocalığa görə də pensiya almır: “Xarici ölkələrdə xüsusi ixtisaslaşmış firmalar, şirkətlər var ki, kimə dayə lazım olsa, həmin şirkətlərə müraciət edir. O şirkətlər dayələrlə əmək müqaviləsi bağlayırlar. Onun hüquqlarını təmin edirlər. Həmçinin həmin şirkət ailə qarşısında məsuliyyət daşıyır”.

Keçmişdə ancaq zadəgan övladları dayələrə - xüsusi mürəbbiyələrə həvalə olunarmış. Bu adət indi də Qərb ölkələrində qorunub saxlanır. Məsələn, İngiltərədə dayələr üçün xüsusi məktəblər var. Xarici ölkələrdə agentlik vasitəsilə çağırılan dayələr xüsusi kurs keçmiş olurlar.

Moskvada valideyn dayəni özü tapırsa, gününü 2-3 dollarla razılaşır. Əgər uzaqdan gəlirsə, qiymət qalxır. Moskvada dayə hazırlayan agentlikdə qiymətlər günü 5-10 dollar arasında dəyişir. Bu zaman həm illərlə formalaşan dayəlik sənəti, həm də qiymət siyasəti tərəfləri razı salır.


Müəllif:

Oxşar xəbərlər