Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun Braziliyada nəşr edilən “EmbassyBrasilia” jurnalında və mətbu orqanın internet səhifəsində portuqal və ingilis dillərində “Xocalını xatırlayaraq” (Lembrando Khojaly) məqaləsi dərc edilib.
Teleqraf.com xəbər verir ki, məqalədə, 26 il öncə Xocalı şəhərində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbiçilərinin köməkliyi ilə erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım haqqında ətraflı məlumat verilib. Fevralın 25-dən 26-na keçən gecə yüzlərlə dinc insanın xüsusi vəhşilik və amansızlıqla qətlə yetirildiyi, mindən artıq insanın girov götürüldüyü bildirilib. Müəllif dəhşətli hadisədən 26 il keçsə də, Xocalı faciəsini törədənlərin hələ də cəzalandırılmadığı, Azərbaycan torpaqlarının erməni işğalı altında qaldığı və bir milyona yaxın qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa edilmədiyini vurğulayıb.
Məqalədə Xocalı faciəsini Meksika, Peru, Panama ilə yanaşı, bir neçə digər Latın Amerika qitəsində yerləşən ölkələrin qanunverici orqanları tərəfindən “Xocalı soyqırımı” kimi tanındığı bildirilib, dünya ictimaiyyətini bu cür vəhşiliklərə qarşı vahid mövqe nümayiş etdirməyə və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün Xocalıya Ədalət (www.justiceforkhojaly.org) beynəlxalq hərəkatına qoşulmağa çağırış edilib.
Qeyd olunasıdır ki, “EmbassyBrasilia” jurnalı Braziliyanın ən nüfuzlu yerli və beynəlxalq mətbuat orqanları sıralarındadır və geniş oxucu kütləsinə sahibdir.
Məqalə ilə http://embassybrasilia.com.br/site/remembering-khojaly/ keçid vasitəsi ilə tanış olmaq olar.